AZ

Ali təhsil çıxış yoludur? - Peşə öyrən, işin hazır olsun...

Son illərdə abituriyentlərin əksəriyyəti, topladıqları bal nisbətən az olsa belə, ali məktəbdə təhsil almağa üstünlük verirlər. Bu isə bir çox hallarda cəmiyyətin real ehtiyaclarını nəzərə almayan seçimlərlə nəticələnir.

 

Nəticədə, əmək bazarında ehtiyac duyulan peşə sahibləri, məsələn, dərzilər, aşçılar, çilingərlər və digər ixtisaslı kadrlar çatışmır. Peşə təhsili müəssisələrinə marağın zəifləməsi isə bu sahələrdə kadra olan tələbatın ödənilməsini daha da çətinləşdirir.

 

Bəs bu meylin əsas səbəbləri nələrdir? Gənclərin təhsil seçimi ilə əmək bazarının real tələbatı arasında yaranan uçurum necə aradan qaldırıla bilər?

 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov AzEdu.az-a açıqlama verib:

 

“Qeyd etmək lazımdır ki, ali təhsil elitar təhsildir və bütün dünyanın cəmi 7 faizi ali təhsillidir. Dolayısıyla, bütün cəmiyyətlərdə ali təhsil almaq inkişaf və daha yaxşı iş tapmaq meyarı sayılır. Düzdür, peşə məktəbləri də var və xüsusilə elə peşələr mövcuddur ki, onlara hər il əmək bazarında ehtiyac artır. Bacarıq tələb edən sahələr üzrə bu tip təhsilə də az qala ali təhsil qədər ehtiyac yaranır”.

 

Ekspert bildirir ki, Azərbaycanda hər il təxminən 120-130 min nəfər orta məktəbi bitirir. Onlardan 65-70 mini ali təhsil müəssisələrinə qəbul olunur. Dövlət sifarişli yerlərin sayı hər il artsa da, ümumi baxanda təxminən yarısı ali təhsilə qəbul ola bilmir ki, bu da normaldır:

 

“Çünki onların hazırlıq səviyyəsi, məktəbdə aldıqları təhsilin keyfiyyəti və digər səbəblər nəticəsində qəbul ola bilməyənlərin bir hissəsi peşə məktəblərinə, bir hissəsi isə kolleclərə yönləndirilir. Azərbaycanda peşə təhsili müəssisələri xüsusilə müstəqilliyin ilk illərində müəyyən geriləmə və durğunluq dövrü yaşadı. Bu da cəmiyyətin peşə məktəblərinə olan inamını zəiflətdi. Bu inamsızlıq həm tədrisin keyfiyyəti, həm də təcrübə imkanlarının zəifliyi ilə bağlı idi. O dövrdə zavodlar, müəssisələr bağlandığı üçün bu müəssisələrin nəzdində fəaliyyət göstərən peşə məktəbləri də iflic vəziyyətə düşdü. Nəticədə məzunlar nə iş tapa, nə də praktik təhsil ala bilirdi. Amma son illərdə həm Peşə Təhsili üzrə Dövlət Agentliyinə bağlı olan, həm də müxtəlif nazirliklərin tabeliyində və beynəlxalq tərəfdaşların dəstəyi ilə qurulan peşə məktəbləri formalaşmağa başlayıb. Bu məktəblər real sektorla əməkdaşlıq edir və məzunlarının əksəriyyəti öz ixtisaslarına uyğun iş tapır".

 

Süleymanov son illərdə abituriyentlərin seçim edərkən artıq bu cür perspektivli peşə məktəblərinə üstünlük verdiyini söyləyib:

 

"Məzun olmaq daha qısa müddət çəkir və məzun olan kimi iş tapmaq imkanlarının çox olması peşə məktəblərini cəlbedici edir. Onun sözlərinə görə burada diqqət etməli olduğumuz məqam hansı peşə və hansı məktəbin seçilməsidir. Xüsusilə istehsal, kənd təsərrüfatı, enerji, alternativ enerji sahələri üzrə fəaliyyət göstərən peşə məktəblərinin məzunlarına real ehtiyac var.

 

Peşə məktəblərinin sayı artırılmalı və onların məzunları ilə bağlı statistika şəffaf olmalıdır. Ali təhsil almaq yalnız ali təhsilli olmaq xatirinə olmamalıdır. Bu, həm zaman, həm resurs, həm də maliyyə tələb edir. Ona görə abituriyentlər seçim edərkən öz qabiliyyətləri və imkanlarına uyğun qərar verməlidirlər: peşə təhsili, kollec, yoxsa birbaşa ali təhsil. Eyni zamanda, əvvəlcə subbakalavr səviyyəsində təhsil alıb, sonradan bakalavr səviyyəsinə yüksəlmək də mümkündür. Təhsil almaq üçün yollar və imkanlar genişdir. Abituriyentlər seçim edərkən mütləq araşdırmalıdırlar: məzun olduqdan sonra hansı iş imkanları var, əvvəlki məzunlar harada çalışır, bu sahədə ölkənin inkişafı necədir və hansı sahələrə daha çox ehtiyac var. Bu meyarlar əsasında qərar verilməlidir”.

Seçilən
6
azedu.az

1Mənbələr