Bəşər Əsədin devrilmiş rejiminin hakimiyyəti dövründə Suriyada itkin düşən on minlərlə insanın taleyinə aydınlıq gətirmək üçün beynəlxalq ictimaiyyətin təcili addım atmasına ehtiyac var.
Herbiand.az xəbər verir ki, bunu BMT Baş Assambleyası tərəfindən yaradılmış Suriyada İtkin Şəxslər üzrə Müstəqil Komissiyanın rəhbəri Karla Kintana “Anadolu” agentliyinə bildirib.
"Suriya üçün vaxt daralır. Nə qədər tez hərəkətə keçsək, suriyalı ailələr öz yaxınları haqqında həqiqəti bir o qədər tez öyrənəcəklər".
Kintana əvvəllər Meksikada itkin düşənlər üzrə milli komissar vəzifəsində çalışıb.
Suriya İnsan Haqları Şəbəkəsinin (SNHR) məlumatına görə, 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri ölkədə 150 mindən çox insan izsiz itkin düşüb.
Müharibə başlayandan bəri 14 milyondan çox suriyalı məcburi köçkün vəziyyətinə düşüb, onlardan 6 milyonu başqa ölkələrə sığınacaq tapıb.
Karla Kintananın sözlərinə görə, onun rəhbərlik etdiyi struktur hətta onilliklər əvvəl Suriyada yoxa çıxanlar üçün də hərtərəfli axtarış əməliyyatları aparır.
O qeyd edib ki, komissiyanın fəaliyyətinin ən mühüm prioritetlərindən biri itkin düşmüş şəxslərin sağ-salamat tapılmasıdır.
Kintana həmçinin Suriyanın yeni hakimiyyət orqanlarının bu istiqamətdəki səylərə yardımının vacibliyini vurğulayıb. Komissiya rəhbəri bildirib ki, o, yaxın vaxtlarda Dəməşqdə ofis açmaq üçün Suriya hökumətinin nümayəndələri ilə əlaqə saxlayıb. O, Suriya administrasiyasının bu məsələyə müsbət münasibətini qeyd edib.
"Biz bunun yaxın gələcəkdə həyata keçirilə biləcəyinə nikbin baxırıq. Bu məsələnin həlli ona görə lazımdır ki, itkin düşənlərin axtarışı prosesində Suriya tərəfi ilə qarşılıqlı əlaqədə ola bilək", - o deyib.
Onun sözlərinə görə, axtarış əməliyyatlarına bir sıra qabaqcıl texnologiyalar, o cümlədən süni intellekt cəlb olunub.
"Biz Suriya xalqına sülh və həqiqəti çatdırmaq üçün təkcə Dəməşqlə deyil, həm də regionun bütün ölkələri ilə qarşılıqlı əlaqədə olmağa çalışırıq", - BMT nümayəndəsi bildirib.