Bakı, 12 iyun, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) Milli Məclisin Elm və təhsil komitəsi ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş respublika elmi konfransı təşkil edilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Dövlət Himni səsləndirilib və “Milli qurtuluşdan zəfərə” adlı videoçarx nümayiş etdirilib.
BMU-nun rektoru Yaqub Piriyev 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycanın müasir dövlətçilik tarixinin ən parlaq səhifələrindən biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətin idarəetmədəki təcrübəsizliyi ölkəni xaosa sürükləmiş, vətəndaş müharibəsi təhlükəsi yaranmış, Ermənistanın ərazi iddiaları daha da genişlənmişdi. Belə bir şəraitdə ölkənin güclü və təcrübəli liderə ehtiyacı vardı.
Rektor qeyd edib ki, xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya dəvət olunan görkəmli dövlət xadimi Heydər Əliyev qısa müddətdə Azərbaycanı ağır vəziyyətdən çıxarmaq üçün mühüm addımlar atdı. O, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi islahatlar, ölkənin sosial-iqtisadi inkişafı və beynəlxalq nüfuzunun artması istiqamətindəki fəaliyyətindən danışıb.
Yaqub Piriyev əlavə edib ki, Ümummilli Liderin müəyyən etdiyi mükəmməl dövlətçilik xətti, formalaşdırdığı siyasi məktəb Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin rəhbərliyi ilə güclənən Azərbaycan torpaqlarını işğaldan azad edib, ölkənin ərazi bütövlüyünü tam bərpa edib və Heydər Əliyevin ən böyük hədəflərindən biri olan Qarabağın azadlığına nail olunub.
Rektor çıxışının sonunda vurğulayıb ki, bu möhtəşəm zəfərlərin təməli məhz 15 iyun tarixindən qoyulub və Heydər Əliyev yolu Azərbaycanı gələcək uğurlarına aparacaq.
Daha sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Qurtuluş Günü – Azərbaycan xalqının müqəddəratını həll edən hadisə” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Ulu Öndərin xilaskarlıq missiyası, Azərbaycanın parçalanmaq təhlükəsindən xilas edilməsi üçün atdığı vacib addımlar geniş şəkildə şərh olunub.
Bildirilib ki, Heydər Əliyevin müdrikliyi və dəqiq qərarları sayəsində Azərbaycan mürəkkəb vəziyyətdən çıxaraq müstəqilliyini möhkəmləndirib, Ermənistanla atəşkəs sazişi imzalayıb, “Əsrin müqaviləsi” həyata keçirilib və ölkənin sosial-iqtisadi inkişafının əsası qoyulub. O da qeyd edilib ki, İlham Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi ilə qazanılmış Zəfər, Heydər Əliyevin uzaqgörənliklə söylədiyi “itirilmiş torpaqlara qayıdış” fikrinin reallaşmasıdır.
Konfransda Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Mehriban Vəliyeva və Şahin Seyidzadə də məruzə ilə çıxış ediblər.
Çıxışlarda 15 iyun tarixi Azərbaycanın taleyini dəyişən gün, Zəfər tariximizin başlanğıcı kimi xarakterizə olunub. Görkəmli siyasi xadim Heydər Əliyevin dövlət quruculuğu konsepsiyası, ölkənin hüquqi və demokratik inkişaf yolu seçməsi, sabitliyin bərqərar olması, insan hüquq və azadlıqlarının təmin edilməsi və sosialyönümlü iqtisadiyyatın formalaşması məsələlərinə toxunulub.
Vurğulanıb ki, Ulu Öndərin müəyyən etdiyi prinsiplərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan böyük uğurlar qazanıb. Çıxışlarda, həmçinin bildirilib ki, müstəqil və güclü Azərbaycan savadlı, vətənpərvər gənclərə əmanət olunub və bu nəsil bu əmanəti qorumaqda məsuliyyət daşıyır. Gənclərə bu istiqamətdə dəyərli tövsiyələr verilib.