ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Tulsi Qabbard dünya ictimaiyyətinə müraciət edərək bildirib ki, bəşəriyyət nüvə məhvi təhlükəsi ilə üz-üzədir.
Onun sözlərinə görə, nüvə silahına malik dövlətlər arasında gərginliyin süni şəkildə artırılması dünyanı tamamilə fəlakətə sürükləyə bilər. Tulsi Gabbard nüvə hücumu halında ortaya çıxacaq dəhşətli nəticələri sadalayıb:
Yüz minlərlə, hətta milyonlarla insanın dərhal həlak olacaq, radioaktiv çirklənmə nəticəsində uzunmüddətli xəstəliklər və ölüm halları, atmosferdə dəyişikliklərlə müşayiət olunan "nüvə qışı", yəni günəş işığının azalması baş verəcək və temperaturun kəskin düşəcək.
Bu xəbərdarlıqla eyni gündə ABŞ-ın Yaxın Şərqdəki addımları da xüsusi diqqət çəkir. Belə ki, ABŞ-nin İraqdakı səfirliyi "gücləndirilmiş təhlükəsizlik riskləri" səbəbindən təxliyəyə hazırlaşır. Sözügedən qərar İranın müdafiə naziri Əziz Nəsirzadənin nüvə danışıqlarının nəticəsiz qalacağı və ya Vaşinqtonla münaqişənin kəskinləşəcəyi təqdirdə ABŞ-ın regiondakı bazalarına zərbə endirməklə hədələməsi fonunda qəbul edilib.
Digər tərəfdən, ABŞ və İran arasında danışıqlar da nəticəsiz qalıb. Üstəlik, Pentaqon İranın nüvə başlığı əldə etməyin bir addımlığında olduğunu açıqlayıb.
Böyük savaş başlayır?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, qarşı-qarşıya duran tərəflərin müharibə hazırlıqlarına başladıqları göz önündədir:
“Həqiqətən də Yaxın Şərqdə vəziyyət gərginləşir. Əsas oyunçuların hamısının sərt mövqedə dayanmaları da göz önündədir. Onlardan heç biri kompromis barədə düşünmür. Belədə təəssürat formalaşır ki, tərəflər müharibə hazırlıqları aparır. Bu da əsasən İsraillə bağlıdır.
İsrailə qarşı olan qüvvələr onun yürütdüyü siyasəti qətiyyən qəbul etmir. Böyük, Britaniya, Norveç İsrail hökumətinin iki ultrasağ nazirinə münasibətdə sanksiyalar tətbiq etməyə başlayıblar. Bir sıra ölkələr də bu fonda İsrailə qarşı tədbir görülməsinin vacibliyini önə çəkirlər. Nəticədə dünyada İsrailə qarşı məhdudlaşdırıcı tədbirlər genişlənir. Keçmiş tərəfdaşları da ondan üz döndərir”.
Ekspert qeyd edir ki, İsrail baş naziri Netanyahu da hər bir arqumentə qarşı güc vasitəsindən istifadə edir:
“Trampın Netanyahu ilə son telefon danışığında bəlli oldu ki, ABŞ Prezidenti İranla müharibənin qəti əleyhinədir. Amma güman ki, Netanyahu müharibəyə başlayacaq. Çünki müharibə müəyyən mənada onun üçün çıxış yoludur. Böyük hərbi kampaniyanın başlaması fonunda Netanyahunun istefası və məhkəməyə cəlb olunması məsələsi artıq arxa plana keçəcək”.
Politoloqun fikrincə, müharibə Netanyahu üçün çıxış yoludur:
“İsrailin diplomatik yollarla razılığa gələcəyini düşünmürəm. Odur ki, belə bir proses başlasa, bu yeni dünya müharibəsinin prelyuziyasına çevriləcək. Hətta bu zaman taktiki nüvə başlıqlarından istifadə də istisna deyil. Ona görə də bütün dünya indi narahatlıq içindədir”.
Rüfət Sultan, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta