AZ

"Medinski Qarabağla Ukraynanı yox, Ermənistanla Rusiyanı eyniləşdirməli idi"- ÖZƏL

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski Qarabağı "mübahisəli bölgə" adlandırıb. O, Rusiya-Ukrayna müharibəsində sülh əldə olunmasa, "yeni Qarabağlar"ın yaranacağından danışıb. Bakı bu fikirləri təəccüb və təəssüflə qarşılayıb.

"Medinski Qarabağı mübahisəli adlandırırsa, bu, nəyin siqnalıdır?"
Politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib. Onun fikrincə, Rusiya hələ də Azərbaycanın müstəqil siyasətini həzm edə bilmir:

"Medinskinin bu sözlərindən, demək olar ki, bir neçə gün sonra  Zaxarovanın Bakıya, NATO barədə xəbərdarlıq etməsi fikrini də görürük. Bu fikirlərin paralel şəkildə səslənməsi bir daha onu deməyə əsas verir ki, Rusiya  Azərbaycanı hələ də özünün bir müstəmləkə təsir dairəsi kimi görür və Azərbaycanın müstəqil xarici siyasət yeritməsi reallığını həzm edə bilmir. Bu da, əlbəttə ki, rəsmi Bakının qarşısında növbəti bir məsələni aktuallaşdırır.
Nədən ibarətdir bu məsələ? Biz hər nə qədər xoşməramlı olsaq da, hər nə qədər niyyətimizi xoş tutsaq da, bütün tərəflərlə - eyni zamanda Rusiya ilə də - inkişaf edən və qarşılıqlı tərəfdaşlıq, qarşılıqlı əlaqələr sistemini formalaşdırmağa çalışsaq da, dəyişməz bir reallıq var: Rus imperializmi hələ də öz məfkurəsindən əl çəkmir. Təkcə Azərbaycana qarşı da deyil - bütövlükdə Qafqaza qarşı, eyni zamanda Şərqi Avropada, Mərkəzi Asiyada, uzaq yerlərdə belə sərhədlərini daha uzaqda görür və imperialist nəzərlərindən əl çəkmək istəmir.
Buna görə də indi rəsmi Bakı Rusiya siyasəti barədə bir daha düşünməlidir. Əlbəttə, balans siyasətini qorumaq  indiki ümumi dünyəvi problemlər fonunda ən doğru addımlardan biridir. Amma Rusiya ilə münasibətlərdə bir daha diqqətli olmaq lazımdır və maksimum dərəcədə Rusiyanın təsirlərini neytrallaşdıracaq, balanslaşdıracaq xarici tərəfdaşlıqlara açılmaq vacibdir. Əlbəttə, burada söhbət yalnız NATO çərçivəsində olan tərəfdaşlıqlardan getmir.
Çünki bizim balans siyasətimizin əsas təməllərindən, prinsiplərindən biri də ondan ibarətdir ki, heç bir bloklaşmanın üzvü olmayaq və bloklaşma və ya qruplaşmanın xarakterindən asılı olmayaraq, bütün tərəflərlə qarşılıqlı əlaqələr çərçivəsində olaq. Ona görə də Azərbaycan tərəfi, məsələn, uzaq Çinlə qurduğu əlaqələr kimi, Braziliya ilə də əlaqələrini artıra bilər. İspaniya çox yaxşı variantdır. Biz artıq Qərbi Avropanın daha sivil və Azərbaycanın xarici siyasət xətti ilə üst-üstə düşə biləcək ölkələrinə də yönələ bilərik. Qərbi Avropa təkcə Fransadan ibarət deyil - məsələn, Böyük Britaniya ilə də  əlaqələrimizi artıra bilərik.
Yəni, bir növ Dərbəndinin "uzaq təhlükə, yaxın təhlükədən daha təhlükəsizdir" məntiqinə qayıda bilərik. Biz böyük və güclü dövlətlərlə tərəfdaşlıqlarımızı nə qədər  çox   artırsaq, Azərbaycanın beynəlxalq əhəmiyyəti də artacaq və Rusiya kimi radikal ideologiyaya sahib dövlətlərin törədə biləcəkləri təhlükələr balanslaşdırılacaq.  Çünki həm Zaxarovanın fikirləri, həm də Medinskinın söylədiyi sözlər onu deməyə əsas verir ki, Rusiya Azərbaycan və Cənubi Qafqaz siyasətində hələ də imperiya maraqlardan çıxış edir və bu dövlətlərin xarici siyasət addımlarını yaxından izləyir. İzləməklə kifayətlənmir, üstəlik, vəzifəsi olmadan, hüquqi əsası olmadan bu addımlara müdaxilə etməyə çalışır.
Bu isə, əlbəttə ki, rəsmi Bakının narazılığına səbəb olur. Ayxan Hacızadənin timsalında biz buna cavab verildiyini gördük və düşünürəm ki, indi  Azərbaycan hakimiyyəti bu məsələni narahatlıqla qarşılayır. Hər halda artıq Rusiya tərəfindən müxtəlif siyasətçilərin və dairələrin dilindən səslənən bu kimi narahatedici bəyanatlara qarşı yaxın zamanlarda Rusiyanın ən yüksək səviyyədə rəsmi şəxslərinə də narazılıqlar ifadə oluna bilər.
Eyni zamanda Azərbaycan tərəfi artıq ölkənin xarici siyasət prioritetlərini formalaşdırarkən sırf bu aspektləri də nəzərə alacaq. Yəni, bir növ Rusiya əslində Cənubi Qafqazda təsirini qorumağa çalışdıqca, atdığı bu radikal addımlarla Cənubi Qafqaz ölkələrini, təkcə onları yox, elə Mərkəzi Asiyada da atdığı o radikal addımları ilə həmin dövlətləri özündən uzaqlaşdırır - Cənubi Qafqazı da, Şərqi Avropanı da. Ukrayna kimi qaynar bir nöqtədə, bataqlıqda ilişib qalan Rusiya üçün bu, indi ən istənilməz haldır.
Çünki Rusiya düşdüyü bu çətin vəziyyətdə tərəfdaş toplamalı olduğu halda, belə radikal fikirlərlə onunla tərəfdaş ola biləcək dövlətləri də özündən uzaqlaşdırır. O ki  qaldı Qarabağla Ukraynanın müqayisəsinə,  bundan öncəki fikirlərimdə də demişdim ki, əslində Rusiya bununla da özünü Ermənistanla eyniləşdirmiş olur.
 Qarabağda baş verənlər nə idi? Ermənistanın hansısa separatçıları bəhanə edərək Qarabağı işğal etməsi dövrü idi.  Yəni Ermənistan həmin dövrdə işğalçı bir dövlət idi. Ukraynada nə baş verir? Yenə də Rusiya tərəfi hansısa separatçıları bəhanə edərək onun suveren ərazilərini işğal edir.
Yəni, Qarabağla Ukraynanın müqayisəsi gedirsə, bu müqayisə sadəcə bu aspektlə doğrudur. Digər aspektlərdə isə heç bir şəkildə doğru deyil. Çünki nə Qarabağ, nə də Ukrayna heç bir halda mübahisəli ərazilər kateqoriyasına daxil olmur. Bütün dünya dövlətləri, bütün suveren beynəlxalq təşkilatlar, müstəqil, bağımsız qurumlar hamısı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib - işğal dövründə də, ondan əvvəl də, indi də. Eləcə də Azərbaycanın işğaldan əvvəl də, işğal zamanı da, işğaldan sonra da  ərazi bütövlüyünü bir mənalı şəkildə dəstəkləyiblər.
Belə olan halda hansı mübahisədən söhbət gedə bilər? Bax, bu çox maraqlıdır. Ona görə də burada sadəcə bir bənzərlikdən danışmaq olar - o da Qarabağın da, Ukraynanın da işğala məruz qalması və işğalçıların Ermənistan və Rusiya olması reallığıdır.
Əslində, Medinski Qarabağla Ukraynanı yox, Ermənistanla Rusiyanı eyniləşdirməli və bu eyniliyin adını da "işğalçılar" qoymalı idi".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
olaylar.az

1Mənbələr