Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti (PKTU) daha iki ixtisas üzrə ikili diplom proqramının icrasına başlayır.
"Unikal" xəbər verir ki, bununla əlaqədar onlayn formatda keçirilən imzalanma mərasimində çıxış edən rektor Yaqub Piriyev xatırladıb ki, bu il aprelin 17-də imzalanan müqavilə əsasında dünyada öncül mövqeyə malik Pekin Kimya Texnologiyaları Universiteti ilə “Kimya mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramının icrasına başlanılıb. Rektor bu əməkdaşlığın davamı olaraq, qısa müddətdə 2+2 modeli əsasında “Kompüter mühəndisliyi” və “Mexanika mühəndisliyi” ixtisasları üzrə də ikili diplom proqramının həyata keçirilməsinə dair razılaşmanın əldə edilməsini müsbət qiymətləndirib.
Yeni müqavilənin Azərbaycanla Çin arasında viza rejiminin ləğv olunduğu tarixi bir dövrə təsadüf etdiyini bildirən rektor Prezident İlham Əliyevin bu il aprelin 23-də Çinə dövlət səfəri zamanı imzalanan Birgə Bəyanata diqqət çəkib. Bildirib ki, Azərbaycan Prezidenti və Çin Xalq Respublikasının Sədri Si Cinpin imzaladıqları Birgə Bəyanat təhsil sahəsində də əməkdaşlığı genişləndirməyi nəzərdə tutur. Bu baxımdan iki universitet arasında əməkdaşlığın bu bəyanatda əksini tapan təhsillə bağlı məsələlərə mühüm töhfə verəcəyini deyən rektor imzalanan müqavilələrdən irəli gələn bir sıra məqamlara dair fikirlərini bölüşüb.
Pekin Kimya Texnologiya Universitetinin rektoru Tan Tianvei də öz növbəsində yeni ikili diplom proqramının imzalanmasını universitetlər arasında əməkdaşlığın daha da genişlənməsi baxımından mühüm addım kimi qiymətləndirib. Rektor bu ilin aprelində iki ölkə liderinin Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlığın qurulduğunu bəyan etdiklərini xatırladıb və Pekində imzalanan Birgə Bəyanatda yer alan məsələlərdən bəhs edib.
İmzalanan ikili diplom proqramının müsbət cəhətlərinə də toxunan Tan Tianvei hər iki tərəfin birgə səyləri ilə əhəmiyyətli nəticələrin ortaya qoyulacağını deyib. Eyni zamanda əldə olunan razılaşmalar sayəsində innovativ imkanlara malik daha çox bacarıqlı gəncin yetişməsinə, hər iki ölkənin, hətta dünyanın texnoloji tərəqqisinə, inkişafına müsbət töhfələr veriləcəyinə inandığını deyib.
Tədbirdə qeyd edilib ki, müqaviləyə əsasən, BMU-da “Kompüter mühəndisliyi” və “Mexanika mühəndisliyi” ixtisaslarının I, II kurslarını müvəffəqiyyətlə bitirənlər prosedurları keçdikdən sonra Çində müvafiq olaraq “Kompüter elmləri və texnologiyası”, “Proses avadanlıqları və nəzarət mühəndisliyi” ixtisaslarında III və IV kurslarda təhsil ala biləcəklər. Bundan öncə imzalanan müqavilədə analoji razılıq “Kimya mühəndisliyi” ixtisası üzrə əldə olunmuşdu.
İmzalanma mərasimində müqavilədə yer alan digər məsələlər, eləcə də nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və gələcək layihələr nəzərdən keçirilib.