AZ

Zelenski Trampı da hədəfə alır: “Rusiya yalan danışır” bəyanatının PƏRDƏARXASI

“ABŞ Prezidenti Donald Tramp artıq görür ki, Rusiya tərəfi müharibə mövzusunda tam açıq və dürüst deyil, Moskva sadəcə olaraq yalan danışır”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
ABŞ Prezidentinin rusiyalı həmkarı Vladimir Putini tərifləməsinə baxmayaraq, Zelenski hesab edir ki, Tramp artıq Kreml rəhbərinin dürüst olmadığını görür.
Trampın ondan narazılığına gəlincə, Ukrayna prezidenti müharibənin sonunu yaxınlaşdıracağı təqdirdə hər şeyi norma kimi qəbul edəcəyini qeyd edib:
“Tramp öz taktikasını seçib. Mən heç kimi mühakimə etmək istəmirəm. Amma mən öz fikrimdə qalıram: Putin gücdən başqa heç nə başa düşmür. Amerikanın bu gücü var və mən ümid edirəm ki, Amerika bunu görür və anlayır”.
Anti-Rusiya sanksiyalarının effektivliyini şərh edən Zelenski bildirib ki, əsas səhv onların çox ləng tətbiq edilməsidir: “Bu, Putinə qüvvələrini toplamağa imkan verir. Putin hazırda iqtisadiyyatının gerilədiyini hiss edir. Amma o, sərt sanksiyalar tətbiq olunana qədər daha çox vaxt qazanmaq istəyir, çünki bir müddət daha dözə bilər”.
Ukrayna lideri Qərb dövlətlərini Rusiyaya qarşı sərt sanksiyaları indi həyata keçirməyə çağırıb.
Zelenski əlavə edib: “İnsanlar oda atdığımız odun deyil. Biz xalqımızla ruslar kimi rəftar etmirik”.

Siyasi təhlilçi Aqşin Kərimov Sherg.az-a söyləyib ki, ABŞ hazırda Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsində Kiyevə dəstəyi davam etdirməklə Moskva ilə sövdələşməyə girmək arasında tərəddüdlərini davam etdirir:

"Hərçənd ki, Vaşinqtonun tərəzinin gözünü Kremlə doğru əydiyi müşahidə edilməkdədir. Bununla belə, Donald Tramp ilkin mərhələdə Ukraynadan istədiyini – kritik minerallara çıxış sazişini – aldıqdan sonra onun tövründə Rusiyaya qarşı şaxələndirilmiş manevrlər də görünür. Çünki Tramp administrasiyası Ukrayna ilə təbii sərvətlər sahəsində strateji maraqlarını müəyyən dərəcədə təmin etmiş kimi görünməkdədir. Ancaq başqa ziddiyyətli məqam burasındadır ki, ABŞ ilə Ukrayna arasında imzalanan sazişin icrasına dair kifayət qədər suallar var. Əlavə olaraq texniki detalların tətbiq edilməsi ilə bağlı yekun qərarlar işlənib-hazırlanmayıb. Bunun fonunda ABŞ də, Rusiya da Ukrayna ilə əlaqədar ədalətli həqiqətləri söyləməkdən qaçırlar. Deməli, hələ də, Ağ Evlə Kremlin Ukrayna üzərindən sövdələşmə atmosferi korlanmayıb. Volodimir Zelenskinin “Rusiya yalan danışır” deməsi bu mənada təkcə Vladimir Putini hədəfə almır, eyni zamanda Donald Trampın tərəddüdlərinə eyham vurur".

Analitikin fikrincə, Volodimir Zelenski Rusiyanı NATO ilə qarşıdurma ssenarisində Moskvanı yorğun salacaq layihələri icra edir:
"Bunun sistemli və effektiv olması üçün isə Rusiyaya qarşı sanksiyalar paketinin genişləndirilməsi zəruridir. 
Rusiya hələ də neft və qaz ixracından əldə edilən gəlirə arxalanır, ona görə də qiymət limitinin aşağı salınması onların nə qədər pul gətirə biləcəyinə mənfi təsir göstərə bilər. Bu baxımdan Zelenski Rusiyanın enerji sektoruna sanksiyalar tətbiq edilməsinə nail olmağa çalışır. Lakin dünya bazarlarındakı vəziyyət baxımından Moskva əleyhinə bu sahədə sanksiyaların tətbiqi ya istənilmir, ya da təxirə salınır. 
Ümumilikdə müharibədə texniki və strateji situasiyalar Ukraynanın xeyrinə deyil. Proqnozlaşdırmaq mümkündür ki, Rusiyanın Ukraynadakı hücum tempində fərqli əməliyyat modeli tətbiq ediləcək. Lakin bunun Rusiya qoşunlarının irəliləyiş tempinə təsirləri sual olaraq qalır. Ukraynadan isə ən azı yaxın bir il ərzində itirdiyi torpaqları qaytarmaq üçün həlledici əməliyyatlarını gözləmək çətindir. 
Ukrayna buna baxmayaraq Rusiyanın arxa cəbhə dərinliklərində güclü kəşfiyyat əməliyyatları keçirə bilmək potensialını gücləndirəcək".
Seçilən
6
1
sherg.az

2Mənbələr