AZ

Kamran Bayramov: Qurtuluşdan Zəfərə uzanan şərəfli yol

Müasir müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü ölkəmizin tarixində şərəf və qürur dolu bir səhifə kimi əbədiləşib. 15 iyun- Milli Qurtuluş günü xalqımız üçün fəlakətlərdən qurtulub, qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gün kimi əzizdir. Bu müqəddəs günü bizə bəxş edib  tarixə yazan isə ümummilli lider, dahi şəxsiyyət  Heydər Əliyevdir. SSRİ dağılandan sonra müstəqillik uğrunda alışıb yanan müttəfiq respublikalar kimi Azərbaycanda da xalq hərəkatı vüsət almışdı. Ölkəmizdə baş verən siyasi proseslər digər respublikalardan fərqli idi. Bir yandan hiyləgər qonşularımızın ərazi iddiası ilə apardığı müharibə, digər tərəfdən naşı, səriştəsiz ölkə rəhbərliyinin hakimiyyət hərisliyi xalqı uçuruma gətirib çıxarmışdı. Müstəqilliyin ilk illərində xalqın iradəsinə zidd şəkildə iqtidara yiyələnən, dövlətçilik və siyasi idarəçiliklə bağlı baxışları son dərəcədə primitiv olan məlum qüvvələr, faktiki olaraq, Azərbaycanı taleyin ümidinə buraxmışdılar. Üstəlik, hakimiyyət uğrunda mübarizənin qanunsuz silahlı qruplaşmalar səviyyəsində aparılması ölkədəki siyasi, iqtisadi və mənəvi böhranı daha da dərinləşdirir, bədxah xarici qüvvələrin təsiri ilə etnik-milli münasibətlərin qızışdırılmasına, separatizm meyillərinə rəvac verir, vətəndaş müharibəsinə bir növ zəmin hazırlayırdı. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Ümummilli Liderdən imdad istədi.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, o zaman Naxçıvan Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını öz üzərinə götürən ulu öndər Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. «Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır» – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, inkişafın təməllərini qoydu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.  Bununla da Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu bir mərhələ başlandı. 15 iyun Azərbaycanın tarixinə Qurtuluş Günü kimi daxil oldu. Bu tarixi gün 1998-ci ildən etibarən dövlət səviyyəsində qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib: “Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur”.  
K.Bayramov xüsusi olaraq vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs əldə olundu. Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə sabitlik yarandı, malik olduğumuz təbii resurslardan səmərəli istifadənin təmin edilməsi üçün mühüm addımlar atıldı. Ulu Öndərin iqtisadiyyatın inkişafında  neft amilinə önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi.  Elə həmin il, 1994-cü ilin sentyabrın 20-də tarixə «Əsrin müqaviləsi» kimi yazılan neft sazişi imzalandı. Bununla da Azərbaycanın dayanıqlı inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Ümummilli Liderin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.
Deputat əlavə edib ki, bugünkü Azərbaycan Ümummilli  Liderimizin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi fikir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.
Ulu öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!” 
Bu gün Şuşada, Laçında, Xankəndidə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Qarabağ Zəfəri bölgədə yeni reallıqlar yaradıb. Dünyanın bir çox dövlətləri və güc mərkəzləri bu reallıqları qəbul edir, onunla hesablaşır. Azərbaycan postmüharibə dövrünün gündəliyini diktə edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda, Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. Gördüyümüz kimi, Qurtuluşdan başlanan yolun zirvəsi Zəfərimizdir.
Deputatın diqqət çəkdiyi vacib məqamlardan biri də odur ki, dörd il əvvəl -15 İyun Milli Qurtuluş Günündə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, iki qardaş ölkə- Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Bəyannaməsinin imzalanması mühüm tarixi hadisəyə çevrildi. Bu sənədin məhz Qurtuluş Gününə və Qars müqaviləsinin 100 illiyinə təsadüf etməsi xüsusi simvolik məna daşıyırdı. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin birgə maraqlarının müdafiəsi, regionda etimad və inkişaf mühitinin təşviqi baxımından mühüm başlanğıc nöqtəsi oldu. İyunun 15-də atılan bu addım bölgənin geosiyasi mənzərəsini dəyişən yeni mərhələnin əsasını qoydu. Regionun sabitliyi, təhlükəsizliyi və rifahı naminə imzalanan bu sənəd, Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişaf yolunu müəyyənləşdirən strateji xəritəyə çevrildi.

Seçilən
36
ikisahil.az

1Mənbələr