BAKI, TurkicWorld
Misir “Qlobal Qəzza Yürüşü”nə qatılmaq istəyən fəalları saxlayıb.
TurkicWorld xəbər verir ki, Qəzzada davam edən humanitar fəlakətə diqqət çəkmək məqsədi ilə keçiriləcək “Qlobal Qəzza Yürüşü”nə qatılmaq üçün Misirə gələn bir sıra beynəlxalq fəalların saxlanıldığı bildirilib.
Fəallar Rəfah sərhəd keçid məntəqəsində Fələstin xalqı ilə həmrəylik nümayiş etdirmək üçün toplanmağı planlaşdırırdılar.
Beynəlxalq Koordinasiya Komitəsi məsələ ilə bağlı yaydığı açıqlamada Misirdən saxlanılan fəalların azad edilməsini və yürüş iştirakçılarının ölkəyə girişinə icazə verilməsini tələb edib. Əlcəzair, Tunis, Almaniya, Mərakeş, Avstraliya, Fransa və Türkiyə kimi ölkələrdən gəlmiş fəalların Qahirədə nəzarətə alındığı bildirilir.
Qurum Misir Xarici İşlər Nazirliyinin əvvəlki humanitar mövqelərini xatırladaraq bu dinc təşəbbüsə dəstək verməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, yürüş üçün Misirin səfirlikləri və dövlət qurumları ilə iki ay öncədən koordinasiya aparılıb və diplomatik kanallarla bütün prosedurlar tamamlanıb.
Eyni zamanda Tunis, Əlcəzair, Mərakeş və Mavritaniyadan ibarət 2000 nəfərlik “Məğrib Müqavimət Karvanı”nın Liviyaya çatdığı, dünyanın müxtəlif bölgələrindən olan fəalların isə artıq Qahirəyə toplaşmağa başladığı qeyd olunub. İştirakçılar iyunun 12-də Qahirədə bir araya gəlməyi, iyunun 15-də isə Rəfah sərhədinə çatmağı planlaşdırırlar.