AZ

Ağsuda Şıxməzid xanəgah kompleksində arxeoloji qazıntılar - yeni tarixi faktlar üzə çıxıb FOTO

Ağsu, 12 iyun, Rəşad Türkoğlu, AZƏRTAC

Ağsu şəhərinin şimalında yerləşən Şıxməzid xanəgah kompleksində aparılan arxeoloji qazıntılar nəticəsində mühüm elmi nəticələr əldə olunub. Qazıntılar AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun 2025-ci il üzrə çöl tədqiqat planına uyğun olaraq həyata keçirilir. Tədqiqatlara institutun şöbə müdiri, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin rəhbərliyi ilə Ağsu arxeoloji ekspedisiyası nəzarət edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kompleks ilk dəfə 2012-ci ildə “Narlı pir qəbiristanlığı”na baxış zamanı qeydə alınıb. İlkin mərhələdə 400 kvadratmetrə yaxın sahədə monumental tikinti qalıqları və üzəri saxsı səhənglərlə örtülmüş unikal qəbir kameraları aşkarlanıb. Bu qeyri-adi qəbirlər arxeoloji baxımdan regionda analoqu olmayan nümunələr sayılır. Abidə haqqında məlumatlara XVI əsr Osmanlı müəllifi Xulvi, XIX əsr Azərbaycan şairi Seyid Əzim Şirvani və 1926-cı ildə rus tədqiqatçısı Cəmil Nasıfinin qeydlərində də rast gəlinir.

Professor Qafar Cəbiyev bildirib ki, mayın 15-dən etibarən aparılan tədqiqatlar zamanı kompleksin şərq hissəsində iriölçülü, yonulmuş daşlardan hörülmüş divar qalıqları aşkarlanıb. “Bu divarlar boyunca altı hücrə-otaq qeydə alınıb və ilkin mərhələdə tədqiq olunub. Hücrələrlə xanəgahın girişi arasında 2,5 metr dərinlikdə daha bir divar aşkarlanıb. Qalınlığı bir metrdən çox olan bu divarın digər tikililərlə əlaqəsi yoxdur. Bu da kompleksdə tikintinin ən azı iki mərhələdə aparıldığını göstərir”, – deyə alim vurğulayıb.

Onun sözlərinə görə, tikinti zamanı kirəc əsaslı möhkəmləndirici qarışıqlardan istifadə edilib. Ərazidə mədəni təbəqənin azlığı isə burada dini fəaliyyətin fasilələrlə aparıldığını ehtimal etməyə əsas verir. Tapıntılar əsasən az sayda kaşı fraqmentləri, bişmiş kərpic və gündəlik keramika nümunələrindən ibarətdir. Türk dünyasının mühüm xanəgah komplekslərindən biri kimi dəyərləndirilən Şıxməzid xanəgahında hazırda kompleks və çoxşaxəli tədqiqatlar aparılır. Professor, həmçinin bildirib ki, bu yanaşma təkcə memarlıq və arxeologiya ilə məhdudlaşmır, həm də etnoqrafik, epiqrafik və dini-mədəni aspektləri əhatə edir. “Bu kompleksin geniş şəkildə tədqiqatı həm Azərbaycanın, həm də ümumilikdə Türk-İslam dünyasının mədəni irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”, – deyə alim vurğulayıb.

Kompleksin tərkib hissəsi olan “Narlı pir qəbiristanlığı” ərazisindəki Şıxməzid türbəsində də paralel arxeoloji qazıntılar aparılıb. Əldə olunan nəticələr türbənin tarixçinə və strukturuna dair maraqlı faktları üzə çıxarıb. Ekspedisiyanın üzvü, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin bildirdiyinə görə, türbə XX əsrin 30-cu illərində tamamilə dağıdılıb: “1989-cu ildə memar Xanlar Hüseynovun layihəsi əsasında türbənin özülü üzərində yenidənqurma işləri aparılıb. Səkkizguşəli divarlar odadavamlı bişmiş kərpicdən inşa edilib. Türbənin içərisində iki nar ağacı olduğuna görə qəbiristanlıq “Narlı pir” adı ilə tanınır”.

Türbənin içərisində aparılan qazıntılar zamanı kərpic döşəmə, qiblə istiqamətində qəbir yeri, sərdabənin üzərində əhəngdaşı ilə işlənmiş plitələr və onların altında tağlı bişmiş kərpic tikili aşkarlanıb. Sərdabənin içərisindən müxtəlif dövrlərə aid kaşı fraqmentləri, saxsı qab hissələri, dəmir mismarlar, nal, mis sikkələr və şüşə qab nümunələri tapılıb. Fariz Xəlilli qeyd edib ki, türbənin qapısının şərq tərəfdə yerləşdiyi ehtimal olunurdu və bu istiqamətdə aparılan qazıntısı nəticəsində ehtimal təsdiqini tapıb: “Üzərində pilləkən funksiyası daşıyan blok daş döşəmənin tapılması, həmçinin divar özülünə qədər aparılan qazıntı nəticəsində aşkarlanan tikinti üsulları türbənin planlaşdırılması və funksional strukturu haqqında daha aydın məlumatlar verir.”

Mütəxəssislər hesab edirlər ki, Şıxməzid xanəgah kompleksi Azərbaycanın İslam dövrü memarlığı və dini mədəniyyət tarixinin öyrənilməsi baxımından mühüm arxeoloji abidədir. Onun Türk-İslam dünyası kontekstində əhəmiyyətini nəzərə alsaq, burada aparılan kompleks tədqiqatlar yaxın gələcəkdə geniş beynəlxalq marağa səbəb ola bilər.

Seçilən
6
1
azertag.az

2Mənbələr