AZ

“Saxla, düşmək istəyirəm!” – taksi sürücüləri illərin problemindən xilas olur

Bakı yollarında illərdir səssiz-səmirsiz gedən bir mübarizəyə əncam çəkilmək üzrədir. Avtobus zolaqlarında taksilərin sərnişin düşürməsi üçün dayanacaq yerləri yaradılır.

İndi aktual olan sual da budur - daha taksi sürücüləri sərnişini yolun ortasında düşürməyəcək?

Bu dilemma o qədər köhnədir ki, şəhərin hər taksi sürücüsü əzbər bilir:

“Bura avtobus zolağıdır, saxlasam, 40 manat cərimə gələcək”.

İllərlə bu sualın cavabı olmayıb. Bəzi sürücülər risk edib zolağa girir, kameraya tuş gəlir, cərimə ödəyir. Bəziləri sərnişinlə mübahisə edib elə yolun ortasındaca maşını saxlayır. Bəzən bu çəkişmə avtobusun yolunu bağlayıb, bəzən yol ortasında təhlükə yaradıb. Ən pisi isə həmişə sürücü günahkar çıxıb.

İndi nəhayət ki, bu haqsızlığa son qoyulur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qərarı ilə avtobus zolaqlarında minik avtomobillərinin, əsasən taksilərin sərnişin düşürüb-mindirməsi üçün xüsusi yerlər yaradılacaq.

Bir çoxlarına sadə qərar kimi görünə bilər, amma bu xəbər minlərlə taksi sürücüsü üçün illərin yükündən qurtulması deməkdir. Bu qərar küçələrdə təkərləri “keçəlləşdirən”, qaz pedalını ehtiyatla basan taksi sürücülərinin rahat nəfəs verəcək. Çünki onların illərdir dilə gətirdiyi, mətbuatın dəfələrlə yazdığı bu problemə nəhayət ki, rəsmi cavab tapılıb.

“Deyirəm, burada saxlaya bilmərəm, düş gedək qabağa – qışqırır ki, yox, indi düşürəm! Camaat düşünmür ki, 40 manatlıq cərimə ilə yaşayırıq. Bir ayda neçə belə cərimə gəlir, sayan yoxdu!”, - adını çəkməyən taksi sürücüsü belə deyirdi.

Onun sözlərini bu sahədə işləyən minlərlə insan ürəkdən təsdiqləyər.

Sosial şəbəkələrdə də tez-tez bu mövzu gündəmə gəlirdi. Sərnişinlər sürücüdən tələb edir, sürücülər də qorxa-qorxa avtobus zolağına girirdilər. Sərnişin sürücüyə 40 manatlıq “məktub” gəldiyini görmürdü.

İndi isə vəziyyət dəyişir. AYNA bildirir ki, belə dayanacaqlar əsas nöqtələrdə, avtobusların hərəkətinə mane olmayacaq şəkildə, metro stansiyaları, ticarət mərkəzləri, ictimai binalar yaxınlığında təşkil ediləcək. Sürücü rahatca saxlayacaq, sərnişin düşəcək, minəcək. Cərimə və mübahisələr də olmayacaq.

Əslində bu qərardan təkcə taksi sürücüləri yox, hamı udur. Sərnişin daha riskli yerdə düşmək məcburiyyətində qalmayacaq. Avtobus sürücüsü yolun ortasında dayanmış taksiyə görə manevr etməyəcək. Yol polisi cərimə yazmayacaq. Şəhər daha sakit, daha təhlükəsiz olacaq.

Amma suallar da qalır. Sürücülər bu yerlərin konkret haralarda olacağını sual edirlər. Metro “28 May”da? “Nərimanov”da? “Əhmədli”də? Yoxsa yenə də heç kimin işinə yaramayan, “formal” dayanacaqlarla məsələ bağlanacaq?

AYNA bildirir ki, konkret ünvanlar və yerlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Ümid edək ki, bu dəfə qərar kağız üzərində qalmayacaq, real ehtiyaclara cavab verəcək. Çünki bu məsələ tək taksi sürücüsünün problemi deyil. Bu Bakıda yüz minlərlə insanın gündəlik həyat ritminin məsuliyyətidir. Bir adam cərimə ödəyir, digəri avtobusa gecikir, üçüncüsü risk edib yolun ortasında düşür. İndi isə nəhayət ki, bu xaos yığışdırılır.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr