Bakı, 12 iyun, AZƏRTAC
Yasamal rayon Heydər Əliyev Mərkəzinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva “Dövlətçilik və elmli gəncliyin formalaşmasında Ulu Öndər Heydər Əliyevin elmi-siyasi baxışı” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik ideologiyasının elmi əsasları, gənclərin vətənpərvərlik ruhunda formalaşmasında bu irsin rolu, eləcə də elm və siyasətin strateji vəhdətindəki düşüncə modelini təhlil edib.
Tədbirin sonunda iştirakçılar Heydər Əliyev Mərkəzinin ekspozisiya zalında Ulu Öndərin büstünü ziyarət edib və dövlətçilik fəaliyyətinə həsr olunmuş fotosərgi ilə tanış olublar.