Türkiyəli mütəxəssis Muzaffer Özburan Kütahyanın Simav rayonunda 2025-ci ilin əvvəlindən bu yana 1350 zəlzələnin qeydə alındığını, bu təkanların 1250-sinin son 1,5 ayda baş verdiyini bildirib.
Musavat.com "Hürriyet"ə istinadən xəbər verir ki, Özburan son günlər bölgədə seysmik aktivliyin yenidən artdığını deyib.
"İyunun 10-da Simavda baş verən 4,5 bal gücündə zəlzələ bir çox yerdə hiss olunub. Aprelin 21-də baş verən 4,3 bal gücündə ilk zəlzələdən indiyədək ən böyüyü 4,6 olmaqla 4 baldan yuxarı 8 təkan qeydə alınıb" - mütəxəssis qeyd edib.
Özburan zəlzələlərin Simav Fay Zonası, Emet-Gediz Fay Zonası və Naşa Fay Zonası arasındakı ərazidə baş verdiyini xatırladıb. O, bölgədəki seysmik aktivliyin "zəlzələ fırtınası" olduğunu vurğulayıb: "Simavdakı zəlzələlərin geotermal mənşəli ola biləcəyini düşünürük. Araşdırmalar tamamlandıqdan sonra əsl cavabı verə bilərik".
Özburan əlavə edib ki, seysmik aktivliyin baş verdiyi bölgə indiki aktiv qırılma xəritəsində görünmür, lakin zəlzələlər şimal-qərb və cənub-şərqə uzanan Naşa Fay Zonası ilə eyni uzantıda baş verib.
Musavat.com