BAKI, TurkicWorld
İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard İsrailin Qəzzaya humanitar yardımlara maneə yaratmasını və yardım məntəqələrini hədəfə almasını müharibə cinayəti kimi dəyərləndirib.
TurkicWorld xəbər verir ki, Fransız Mətbuat Agentliyinin (AFP) yaydığı məlumata əsasən, nazir bildirib ki, “mülki əhalini aclıq vasitəsilə təzyiq altında saxlamaq müharibə cinayətidir və humanitar yardımları heç vaxt silaha çevrilməməlidir.“
Stenerqard əlavə edib ki, İsrailin beynəlxalq humanitar hüquqa riayət etmədiyinə dair ciddi siqnallar var.
Qeyd edək ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk və "Amnesty International" kimi beynəlxalq hüquq təşkilatları da İsrailin Qəzzadakı fəaliyyətlərini müharibə cinayəti və hətta soyqırımı aktları kimi dəyərləndiriblər.
İsveç hökuməti UNRWA ilə əməkdaşlığı dayandırsa da, yardımlarını digər BMT qurumları vasitəsilə davam etdirir. İsveçin beynəlxalq inkişaf naziri Benjamin Dosa bildirib ki, ölkəsi hazırda Qəzzaya yardım göstərən aparıcı donorlardan biridir – 2023-cü ilin oktyabrından bu yana göstərilən yardımın məbləği 105 milyon dolları keçib. 2025-ci il üçün isə 75 milyon dollarlıq yardım planlaşdırılır.