Lənkəran, 12 iyun, Cavid Əliyev, AZƏRTAC
Lənkəranda zona yarışlarını təşkil etməyi planlaşdırırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov Lənkəranda Regional Boks Mərkəzinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, boks mərkəzinə dünyanın müxtəlif yerlərindən yüksək səviyyəli təlimçilər cəlb olunacaq: "Mərkəzin açılışı ABF-nin strateji planına uyğun olaraq həyata keçirilib. Əsas məqsədlərdən biri də regionlarda boks infrastrukturunu inkişaf etdirməkdir. Sumqayıtdan sonra Lənkəranda bu cür mərkəzin olması bölgədə boksun yüksəlməsinə şərait yaradacaq. Bildiyiniz kimi, cənub bölgəsindən ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edən idmançılar çıxıb".
Federasiya rəsmisinin sözlərinə görə, Lənkəranda mərkəzdən savayı, idmançıların qalması üçün yataqxanalar da tikiləcək: "Qısa müddət ərzində bu bölgədən yaxşı idmançılar çıxacağına inanıram. Bundan sonra Astara və Masallıda, plana uyğun olaraq, boks zallarının açılışı olacaq".