AZ

Sabahın ixtiraçıları, alimləri və liderləri bu günün siniflərdədir...

Sabahın ixtiraçıları, alimləri və liderləri bu günün siniflərdədir. STEAM dərslərinin sayəsində biz onları daha tez kəşf edə bilərik!

 

10 və 11 iyun 2025-ci il tarixlərində Bakı şəhəri beynəlxalq elm və təhsil tədbirinə ev sahibliyi etdi. Asiya-Sakit Okean Regional Kosmik Agentliklər Forumunun (APRSAF) çərçivəsində “APRSAF kosmos, aviasiya və STEAM
seminarı” layihəsi keçirildi. Tədbir Yaponiyanın aparıcı kosmik qurumu olan JAXA - Yaponiyanın Aerokosmik Tədqiqat Agentliyi tərəfindən təşkil olunmuşdu və müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin iştirakı ilə keçirildi.

 

Seminar çərçivəsində JAXA-nın Kosmos Təhsil Mərkəzinin nümayəndəsi Fumiaki Tanigaki məruzə ilə çıxış edərək, kosmosun təhsildə necə güclü ilham mənbəyinə çevrilə biləcəyini vurğuladı. Kosmosun sadəcə astronomiya və fizika deyil, həm də həyat bilgisi, incəsənət, ədəbiyyat və sosial elmlərlə inteqrasiya edilə biləcəyi diqqətə çatdırıldı. Bu yanaşma uşaqlarda kainata və təbiətə qarşı maraq oyadaraq, onları daha yaradıcı, düşüncəli və müşahidəçi olmağa təşviq edir.

 

Seminarda xüsusi olaraq STEAM – Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat fənlərinin inteqrasiya olunmuş şəkildə tədrisinin məktəblərdə geniş tətbiqi müzakirə olundu. Bu model şagirdlərə yalnız nəzəri biliklər deyil, həm də real həyat problemlərinə yaradıcı yanaşma bacarıqları qazandırır. Kosmos mövzusu STEAM təhsilində əvəzsiz vasitə kimi çıxış edir, çünki burada mühəndislik (peykin quruluşu), fizika (hərəkət qanunları), riyaziyyat (hesablamalar), texnologiya (rəqəmsal modelləşdirmə) və incəsənət (kreativ təsəvvür və təqdimat) birləşir.


Seminarda təqdim olunan interaktiv və praktiki təhsil modelləri -“Kosmik Kollec”, “Aerospace School”, “Ailə üçün Kosmos Məktəb” kimi layihələr -tədrisin yalnız sinif otağı ilə məhdudlaşmadığını, real həyatda tətbiq oluna biləcək biliklərin şagirdlərə çatdırılmasını nümayiş etdirdi. Burada əllə toxunula bilən təcrübələr – alkoqol raketi (film-kapsula ilə), giroskop eksperimentləri - uşaqlara sadə, lakin fundamental fiziki qanunları öyrətmək üçün əla vasitə idi.


APRSAF çərçivəsində aparılan beynəlxalq layihələrə Azərbaycan da aktiv şəkildə cəlb olunub. “CanSat” peyk müsabiqəsi, uşaqlar üçün afişa yarışları, ulduz müşahidəsi seansları və seminarda keçirilən təqdimatlar ölkələrarası əməkdaşlığın və bilik mübadiləsinin gözəl nümunəsidir. Bu cür tədbirlər şagirdlərə beynəlxalq səviyyədə təmsil olunmaq fürsəti yaratmaqla yanaşı, həm də onlarda qlobal baxış bucağı formalaşdırır.
Seminarın əsas mesajlarından biri bu idi: gələcəyin ixtiraçıları, alimləri və liderləri bu gün məktəb siniflərindədir. Onların marağını oyatmaq, düşüncələrini inkişaf etdirmək və onlara “nəyə görə öyrənməliyik?” sualının cavabını vermək üçün kosmos mövzulu STEAM dərsləri əvəzsiz bir alətdir.


Nəticə olaraq, Bakıda keçirilən APRSAF seminarı sübut etdi ki, STEAM təhsili və kosmos mövzusu bir araya gələndə təkcə bilik yox, həm də ümid, təsəvvür və əməkdaşlıq ruhu aşılanır. Məktəblər üçün bu, təhsili daha maraqlı, interaktiv və şagirdyönümlü hala gətirməyin effektiv yoludur.

 

Şəxsi inkişaf üzrə kouç,təlimçi, marker, mentor,

müəllim, “Müasir metodist” layihəsinin metodisti,

yazar, “Özünə Yox De” kitabının müəllifi  Nigar Mahi

Seçilən
25
azedu.az

1Mənbələr