AZ

Yaxın Şərqdə gərginlik pik həddə... İsrail İranı hər an vura bilər, ABŞ bölgədəki bazalarını və səfirliklərini həyəcan vəziyyətinə gətirdi


Yaxın Şərqdə müharibə səsləri yenidən yüksəlməyə başlayıb. İsrail və İran arasında uzun müddətdir davam edən gərginlik pik həddə çatıb. İsrailin Kanal 14 televiziyası İsrailin İrana hücum etməyə çox yaxın olduğunu iddia edib.

İsrailin İrana hücum edəcəyi xəbəri yayıldığı bir vaxtda Təl-Əviv ordusu Colan təpələrində daimi birliklər yerləşdirmək və İordaniya sərhədində yeni diviziya yaratmaq planlarını açıqlayıb. Məlumatlara görə, İsrail ordu İordaniya sərhədinə 10 mindən çox əsgər göndərməyi planlaşdırır. Bütün bunların İrana hücum planının bir hissəsi olduğu ehtimal edilir.

Digər tərəfdən ABŞ və İran arasında da gərginlik artmağa başlayıb. İki gün əvvəl ABŞ-ın ordu rəsmisi müzakirələr naticəsiz bitərsə İranı vurmağa hazır olduqlarını və bununla başlı planları prezident Trampa təqdim etdiklərini deyib. İranın müdafiə naziri Əziz Nəsirzadə isə nüvə danışıqları iflasa uğrayacağı halda bölgədəki ABŞ bazalarını hədəfə alacaqlarını bəyan edib: “Müharibə başlayarsa, ilk vuracağımız yer ABŞ bazaları olacaq”.

Bu bəyanatlardan sonra ABŞ-ın Yaxın Şərq bölgəsindəki bazaları və səfirlikləri həyəcan vəziyyətinə gətirilib. ABŞ təhlükəsizlik səbəbi ilə İraqın paytaxtı Bağdaddakı səfirliyini boşaltmaq qərarına gəlib. Bildirilir ki, ABŞ İsrailin İrana hücuma çox yaxın olması səbəbindən İraq səfirliyini dərhal boşaltmağa qərar verib. Bir ABŞ rəsmisi Bəhreyndəki hərbçilərin ailələrinin də bölgəni tərk edə biləcəyini açıqlayıb.

Associated Press (AP) agentliyi yazıb ki, ABŞ Dövlət Departamenti “bölgədə iğtişaşlar ehtimalına” qarşı Bağdaddakı ABŞ səfirliyindən qeyri-vacib personalı geri çəkməyə hazırlaşır. Rəsmilər də, Dövlət Departamentinin Bəhreyn və Küveytdəki qeyri-vacib personalın və onların yaxınlarının ölkəni tərk etməsinə icazə verəcəyini, ABŞ Müdafiə Nazirliyinin də Bağdaddan mümkün təxliyəyə dəstək verəcəyini bildiriblər. O da bildirilir ki, ABŞ Müdafiə Nazirliyi bütün Yaxın Şərq regionunda hərbçilərin könüllü təxliyəsinə icazə verib.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli ABŞ-ın Bağdaddakı səfirliyinin boşaldılmasını təsdiqləyərək deyib ki, Dövlət Departamenti ABŞ-ın xaricdəki personalının vəziyyətini mütəmadi olaraq nəzərdən keçirir və bu qərar son araşdırma nəticəsində qəbul edilib.

İraq administrasiyası isə ABŞ-ın diplomatik mövcudluğu ilə bağlı evakuasiya qərarını tələb edəcək heç bir təhlükəsizlik vəziyyətinin indiyədək müəyyən edilmədiyini açıqlayıb. İraqın rəsmi xəbər agentliyi olan INA-ya danışan və adının çəkilməsini istəməyən İraq hökumətindəki mənbə ABŞ-ın diplomatik mövcudluğu ilə bağlı son təxliyə və təhlükəsizlik addımlarının təkcə İraqa xas olmadığını, Yaxın Şərqdəki bir sıra ölkələri əhatə edən daha geniş əməliyyatın bir hissəsi olduğunu bildirib.

Britaniyanın Hərbi Dəniz Qüvvələri nəzdində fəaliyyət göstərən Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi də regionda mümkün hərbi eskalasiya barədə xəbərdarlıq edib və gəmilərə körfəzlərdə ehtiyatla davranmağı tapşırıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı danışıqlar dayandırılacağı təqdirdə hərbi müdaxilə ilə hədələyib.

TAHİR

Seçilən
8
9
baki-xeber.com

10Mənbələr