Paris, 12 iyun, AZƏRTAC
Parisin 11-ci rayonunda miqrantlar meriyanın qarşısına toplaşaraq sığınacaq tələb edirlər.
AZƏRTAC xəbər verir ki, evsiz 250 miqrant sığınacaq istəmək üçün Parisin 11-ci rayonunun meriyasının qarşısına toplaşıb. Onların arasında yetkinlik yaşına çatmayan 80 uşaq olduğu bildirilir.
“Utopia 56” miqrantlara dəstək assosiasiyasının təşəbbüsü ilə toplaşan bu insanlar onlara mənzil təklif olunana qədər bələdiyyə binasının qarşısında qalacaqlar. “Utopia 56” miqrantlara dəstək assosiasiyasının Paris bölməsinin koordinatoru bu ailələrin bir təcili sığınacaqdan, başqa təcili sığınacağa, hətta küçələrdən küçələrə köçürüldüyünü və bunun qəbulolunmaz olduğunu deyib. Assosiasiyanın nümayəndəsi bildirib ki, artıq bu insanların problemlərinin həlli dövlət və dövlət orqanlarının üzərinə düşür.
Bu miqrant ailələr İl-dö-Fransa bölgəsində uzunmüddətli, dayanıqlı təcili sığınacaq istəyirlər, çünki uşaqların əksəriyyəti Paris ətrafında məktəbə gedir. Həmçinin bildirilir ki, bu insanlar onlara davamlı mənzil təklif olunmayanadək meriyanın qarşısında qalacaqlar.
Həmçinin bu gün səhər Parisin şimalındakı Sən Deni kanalı boyunca quraşdırılmış yüzdən çox çadırda yerləşdirilmiş miqrantlar hüquq-mühafizə orqanları tərəfindən təxliyə edilib.