Son illərdə bir sıra xarici ölkələrdə qadınların da kişilərlə bərabər hərbi xidmətə cəlb edilməsi diqqət çəkir. İsrail, Norveç, ABŞ və Kanada kimi ölkələrdə qadınlar könüllü və ya məcburi qaydada ordu sıralarında yer alır, bəzi hallarda döyüş bölgələrində də xidmət edirlər.
Azərbaycanda isə hazırda hərbi xidmət yalnız kişilər üçün məcburidir. Qadınlar isə yalnız könüllülük əsasında, əsasən tibbi və ya arxa cəbhə üzrə sahələrdə xidmət edə bilirlər. Lakin bu sahədə dəyişikliklərin mümkünlüyü zaman-zaman ictimai müzakirələrə səbəb olur. Maraqlıdır, nə vaxtsa qadınlar da ordu sıralarımıza qoşula bilərmi?
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov KONKRET.az-a açıqlamasında bildirib ki, qadınların hərbi xidmətə cəlb olunması həm Konstitusiyada təsbit edilmiş bərabərlik prinsipinə, həm də mövcud çağırışlara uyğun bir addım ola bilər.
“Əminəm ki, qadınların hərbi xidmətə cəlb olunması bir müddət sonra mütləq şəkildə gündəmə gələcək. Dünyanın bir sıra ölkələrində qadınlar kişilərlə bərabər şəkildə hərbi xidmət keçirlər. Bəzi ölkələrdə bu proses hətta məcburi xarakter daşıyır”, – deyə o, qeyd edib.
O, bildirib ki, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Ukrayna Silahlı Qüvvələrində qadınların da aktiv iştirak etdiyi müşahidə olunur. Onlar qərargahlarda, rabitə və tibb sahələrində, eləcə də komanda hərbi hissələrində xidmət göstərirlər.
Qadınların hərbi xidmət keçməsi ilə bağlı keçmiş təcrübəyə də toxunan ekspert qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində qadınların da ordu sıralarına qoşulması ənənəsi mövcud olub. Lakin sonradan bəzi neqativ halların yaşanması və mətbuatda bu barədə yazıların dərc olunması ilə bu prosesin dayandırılması qərara alınıb.
“Hazırda da Silahlı Qüvvələrdə qadınlar fəaliyyət göstərirlər. Onlar müddətdən artıq xidmət edən hərbi qulluqçular, eləcə də zabit heyətinin üzvləri kimi ordu sıralarında yer alırlar. Əminəm ki, gələcəkdə qadınlar ali hərbi məktəblərə, hərbi institutlara qəbul olunacaq və onlar da kişilərlə bərabər şəkildə hərbi xidmət keçəcəklər,” – deyə ekspert vurğulayıb.
Ü.Cəfərov əlavə edib ki, problemin həll yolu qadınların orduya qəbuluna maneə yaratmaq deyil, neqativ halların baş verməməsi üçün mövcud nöqsanların aradan qaldırılmasıdır.
Aynurə İsmayıl
KONKRET.az