AZ

Azərbaycanda yaxşı müəllim problemi: DİM deyir, ekspert isə...

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Bilikli müəllimlərimiz çatışmır”.

Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Baku TV”-yə müsahibəsində deyib.

DİM sədri abituriyentləri mütləq repetitor yanında imtahana hazırlaşmağa səsləyənlərdən bəhs edib.

Bildirib ki, şagirdin uğurlu olması bilavasitə onun özündən asılıdır:

“Biz deyə bilmərik ki, məktəblərdə tam şəkildə individual yanaşma var. Yoxdur. Bir sinifdə 35 bəzən isə daha artıq şagird olur. Mümkündür ki, bunu tədris zamanı müəllim təmin etsin?

Biz müəllimlərin imtahan nəticələrini də görürük. Və görürük ki, elə bilikli müəllimlər çatışmır. Düzdür, su yavaş-yavaş açılır, bulantısı gedir. Amma müəyyən adamlar yenə də çalışırlar ki, suyu bulandırsınlar. Çünki onlar bulanıq suda öz balıqlarını tutmağa çalışırlar”.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında DİM sədrinin bu fikirləri də yer alıb:

“Test tapşırıqlarının təhsil proqramı çərçivəsində hazırlandığını və bu çərçivədən kənara çıxmadığını, qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, ortastatistik məzun təhsil proqramının 37–77 %-ni mənimsəmir.

Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir.

Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır”. 

Doğurdanmı bu gün müəllimlərin peşəkarlıq səviyyəsi aşağıdır və bilikli müəllimlər çatışmır?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin müəllimlərin peşəkarlıq səviyyəsinə dair səsləndirdiyi tənqidi fikirlər, sadəcə fərdi qiymətləndirmə deyil, təhsil sistemindəki dərin struktur problemlərinin nəticəsidir:

“Əgər ölkənin ali təhsil müəssisələri hər il minlərlə müəllim məzunu verir və bu məzunlar illərlə məktəblərdə çalışdıqdan sonra hələ də “bilikli müəllimlər çatışmır” kimi bir diaqnoz qoyulursa, bu, artıq təkcə müəllimin deyil, təlim-tədris və idarəetmə sisteminin uğursuzluğudur.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, müəllim “təhsilalanların formalaşması və inkişafına yönəlmiş fəaliyyət həyata keçirən şəxsdir” və onun peşəkarlığı dövlət tərəfindən təmin edilməli olan davamlı hazırlıqla möhkəmləndirilməlidir.

Amma bu müddəanın praktikada tam reallaşmadığı müşahidə olunur. Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulan ixtisasartırma proqramları ya formal keçir, ya da məzmun və keyfiyyət baxımından müasir tələblərə cavab vermir.

Bu isə onların imtahanlarda aşağı nəticə göstərməsinə səbəb olur. Statistik göstəricilər də bu problemi təsdiqləyir. Elm və Təhsil Nazirliyinin 2023-cü ilə dair hesabatında qeyd olunur ki, ölkədə fəaliyyət göstərən ümumtəhsil müəssisələrində çalışan müəllimlərin 28 faizindən çoxu 50 yaşdan yuxarıdır və bu da göstərir ki, təhsildə gənc, dinamik və müasir texnologiyalarla işləməyi bacaran kadr çatışmazlığı var.

Digər tərəfdən, 2024-cü ilə dair müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahanlarının nəticələrinə əsasən, iştirak edənlərin yalnız 42 faizi keçid balını toplaya bilib. Bu, ümumi göstərici baxımından zəif nəticədir, lakin burada günahkarın yalnız müəllim olduğunu iddia etmək yanlış yanaşmadır”.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Ekspert deyir ki, məktəblərdə şagird sayı ilə bağlı vəziyyət də müəllimlərin fərdi yanaşma imkanlarını məhdudlaşdırır: 

“Dövlət Statistika Komitəsinin 2023-cü ilə dair məlumatına görə, Bakı şəhərində orta hesabla bir sinifdə 34-37 şagird təhsil alır. Bu isə müəllim üçün nəinki fərdi yanaşmanı, hətta sadə nəzarət və təşkilatçılığı belə, çətinləşdirir.

Təhsil sahəsində beynəlxalq nüfuzlu təşkilatlardan olan OECD-nin “Education at a Glance 2022” hesabatında qeyd edilir ki, effektiv tədris üçün ideal şagird sayı 16–20 arasında dəyişir.

Finlandiyada bu rəqəm 18, Almaniyada 22, Sinqapurda isə 20-dir. Bu göstəricilər Azərbaycandakı vəziyyətlə müqayisədə ikiqat fərq təşkil edir”.

Onun fikrincə, müəllimlərin peşəkarlığını artırmaq üçün sistemli islahatlara ehtiyac var:

“Əməkhaqqı məsələsi burada əsas rol oynayır. Hazırda ölkədə ibtidai sinif müəllimlərinin orta aylıq maaşı 470 manat, fənn müəllimlərinin isə orta hesabla 500–520 manat civarındadır.

Bu məbləğ müəllimə nə peşəkar inkişaf, nə də sosial rifah baxımından kifayət etmir. Beynəlxalq müqayisəyə baxsaq, Estoniyada müəllimlərin aylıq əməkhaqqı 1 800 avro, Polşada 1 500 avro, Türkiyədə isə yeni başlayan müəllimlər üçün 1 000 dollara yaxındır. Həmin ölkələrdə müəllimlik cəlbedici peşə hesab olunur, çünki dövlət müəllimi yalnız qiymətləndirmir, onu maddi və mənəvi cəhətdən dəstəkləyir.

Müsbət tərəf ondan ibarətdir ki, müəllimlərin peşəkarlığının qiymətləndirilməsi məqsədilə MİQ imtahanı kimi alətlər mövcuddur və bu sistem mütəmadi yenilənir. 2023-cü ildən etibarən tədris olunan fənnin strukturuna uyğunlaşdırılmış, bacarıq əsaslı suallar tətbiq olunmağa başlanıb.

Bu, müəllimin yalnız bilik deyil, tədris metodikasını da bilməsini tələb edir. Lakin bu sistemin effektiv olması üçün onun arxasında güclü metodoloji hazırlıq dayanmalıdır. Əks təqdirdə, müəllimlər sadəcə imtahan üçün hazırlanmış repetitorluq modelinə yönəlir və bu, məktəbdaxili tədrisin keyfiyyətini artırmır.

DİM-in “Abituriyent” jurnalında müəllimlərin peşəkarlıq səviyyəsinin aşağı olduğunu bildirməsi, əgər təkcə fakt təqdimatı deyil, həm də ictimai rəy formalaşdırmaq niyyəti daşıyırsa, bu, təhlükəli tendensiyadır.

Cəmiyyətdə müəllimlərə qarşı inam və hörmət onsuz da azalmaqdadır. Əgər bu cür rəsmi fikirlər müntəzəm təkrarlanırsa, nəticədə yeni nəsil müəllim olmaq istəmir, universitetlərə pedaqoji ixtisaslara qəbul balı aşağı düşür və təhsil sektoru uzunmüddətli kadrsızlıq problemi ilə qarşı-qarşıya qalır. 

2024-cü ildə Azərbaycanda 12 pedaqoji ixtisasa qəbul üçün keçid balı 200-dən aşağı olub və bəzi universitetlərdə bu ixtisaslar üzrə planlar dolmayıb. Bu isə müəllim çatışmazlığının artacağını göstərir.

Əgər dəyişiklik baş verməzsə, yaxın 5–10 ildə Azərbaycan təhsili keyfiyyətli müəllim tapmaqda çətinlik çəkəcək. Dəyişmək üçün ilk növbədə müəllim hazırlığı sistemində ciddi islahatlar aparılmalı, ixtisasartırma təlimləri beynəlxalq səviyyəyə qaldırılmalı, əməkhaqqı və sosial təminatlar artırılmalı, dərs yükü və sinif sıxlığı azaldılmalı, müəllimlərin ictimai nüfuzu bərpa olunmalıdır.

Ən əsası isə müəllim sistemin əsas dayağı kimi qəbul olunmalı, onunla rəqib yox, tərəfdaş kimi davranılmalıdır.Beləliklə, müəllimləri yalnız imtahan nəticələrinə görə qiymətləndirmək əvəzinə, onları yetişdirən sistemin bütöv strukturu və siyasətləri analiz olunmalı, problemin səbəbi dərindən araşdırılmalı və həll yolları çoxistiqamətli yanaşma ilə həyata keçirilməlidir.Yalnız bu halda bilikli və peşəkar müəllimlərin sayı artacaq və Azərbaycan təhsili keyfiyyət baxımından dayanıqlı inkişafa nail olacaq”.

Nigar Abdullayeva

“Cebheinfo.az”

Açar sözlər:

müəllim problem DİM ekspert Məleykə Abbaszadə Kamran Əsədov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
cebheinfo.az

2Mənbələr