AZ

Ələkbər Salahzadə poeziyası: şeirdə vizual struktur

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Nizami MƏMMƏDOV-TAĞISOY

Professor

Ələkbər Salahzadənin yaradıcılığı XX əsrin 60-cı illərindən XXI əsrin 10-cu illərinədək olan dövrdə Azərbaycan poeziyasının özünəməxsus hadisəsidir. Onun yaratdığı qeyri-adi poetik mətnlər sözün həqiqi mənasında özü-özlüyündə "fərqli bir qalaktika" kimi qəbul edilməlidir. Şairin yaradıcılığında mətnin düzxətli və məhdud işarə mahiyyəti onun ortaya qoyduğu çoxölçülülüyü və məna variativliyi ilə bərabər, həm də fərqli struktura malikdir. Sənətkarın mətnlərinin məkanında konsept (təfəkkürdə, fikirdə predmetlər arasındakı əlaqə) və konseptual strukturun həm özünəməxsus şəkildə qruplaşması, həm də qarşılıqlı əlaqələri özünü bariz şəkildə nümayiş etdirir. Şeirlərinin vizual strukturuda, görkəmi də fərqlidir. Mətnlərinin qrafik təsviri Ə.Salahzadənin yaradıcılıq kredosu üçün təyinedici əlamətdir. İşlətdiyi söz, söz birləşməsi və anlayışlar birmənalı qavrayışa malik olmamaqla, çoxsaylı interpretasiyalarla zəngindir. Buna görə də onlardan hər biri fərqli subyektiv, izah, estetik hiss və duyğular ortaya çıxarır. Mətnlərindəki qeyri-adi obrazlı-emosional rəngarənglik onların forma və məzmun tərəfinin də subyektiv dəyər daşımasına şərait yaradır. Dediklərimizin təsdiqinə "Afrika, Afrika..." şeirinin forma və məzmun kontekstində baxaq:

Daşıyıblar hər şeyi

quyunu dərin qazıb!

Qanı,

təri,

qabarı -

qızıl-qızıl...

daşıyıblar hər şeyi,

gözəl üçün ədanı,

dərdli üçün siqarı,

muzey üçün şöhrəti,

ölkə üçün vüqarı...

...Daşıyıblar hər şeyi,

uran axtarışında

ekvatora çatıblar.

Daşıyıblar hər şeyi,

burda kin, qəzəb qalıb,

burda min əzab qalıb,

saysız suallar qalıb,

zaman-zaman

daşınıbdır cavablar!

Ələkbərdə gerçəklik modeli verbal (sözlü, şifahi) formada onun mətn komponentlərini daim verbal olaraq reprezentasiya (birinin digərində təsvirini) ortaya qoyur. Odur ki, onun şeirlərinin dil mənzərəsi çoxsaylı işarələrin marginal (ikili, mərkəzi məna kəsb etməyən) və linqvistik elementlərin özünəməxsusluğu ilə zəngindir. Ələkbərin mətnlərində məna resipiyentin (qəbul edənin, mənimsəyənin) özünün fərdi rolunu artırır. Onun mətnlərinin dil vasitələrini dərk etmək heç də hələ mətnin mənasını başa düşmək anlamına gəlmir. Yəni burada mətnin səthində dayanmış mənaların dərkinin konseptual motivasiyasının mənası dərk anlamından fərqli olur. Onun mətnləri vizual baxımdan interpetasiya olunsa da, söz və ifadələrin semantik məkanı nöqteyi-nəzərindən olduqca geniş və dərindir. Odur ki, burada şairin daxili mətnaltı fikirlərinin dəyərləndirilməsi onun psixoloji-poetik fəaliyyətinin xüsusi forması olsa da, heç də şəxsin məntiqi təfəkkür bacarığı ilə korrelyasiya (hadisə və obyektlər arasındakı qarşılıqlı əlaqə) anlamına gəlmir. Ələkbərin poetik mətnlərində adi ana dilimiz üçün səciyyəvi olan qayda pozulduqca resipiyentin (hər hansı məlumatı qəbul edənin) mövqeyi mətndəki konseptual və assosiativ əlaqələr qurduqda mətni asan başa düşmək üçün şərait yaratmır. Ələkbərin poetik mətnləri onların keyfiyyətindən asılı olmadan poeziyası, belə demək mümkünsə, mühüm tikinti materialı olaraq xidmət edir. Şairin "Düz nağılı" qeyd etdiklərimiz üçün səciyyəvi imkanlar ortaya qoyur:

Düzdü,

bura dağ deyil, düzdü,

dörd yana yayılıb gedən düz.

Yerdən baxsan yerdən.

göydən baxsan göydən düz!

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Yolları düzdü deyə

cığırları da düzdü.

Çox dərinə getməyəsən

çuxurları da düzdü.

Küçələri tər-təmizdi,

sərvlərisə rəmzdi!

Hətta söyüdləri də

özünə görə düzdü.

Doğru yazanlarının

sözünə görə düzdü!

Kəsə əsir yelləri,

bıçaqları düz kəsir.

Yollarında kəsir yox,

adamları şax gəzir;

birdən sınaram, deyib

bircəsi də əyilmir:

Odu-budu, bir kəsə

Burda əyri deyilmir!

Ə.Salahzadənin şeirlərində mətn o qədər intensiv və qeyri-adi ifadələrlə omonimiklik, sinonimiklik, omofonluq, omoqraflıq təşkil edir ki, oxucu növbəti ifadələrdən hansının gələcəyinin intizarında olur. Və həmin ifadələrin içindən şairin düzlük, təmizlik, vicdanlılıq və mətinlik xüsusiyyətlərinin rəngarəng tərəfləri görünür. Buna görə də ədəbiyyatşünaslar Ələkbərin mətn yaradıcılığındakı yenilikçi yanaşmaları, mövzu və motivləri, Azərbaycan mədəni-sosial və ictimai-mənəvi məkanının onun yaradıcılığına etdiyi təsirləri, yaxud yaradıcılıq fərdiyyətinin alt qatını təhlil etməli, bunların öz növbəsində müasir ədəbi prosesə necə təsir etdiyini, yaxud tənqidin imkanlarını genişləndirdiyini və dərinləşdirdiyini öyrənməlidir. Sadalananların mahiyyəti üzrə nəzərdən keçirilməsi isə şairin fərdi yaradıcılığının çoxcəhətliliyinə hörmət və sayğı ilə yanaşmanı təmin edə bilər. Ələkbərin poetik mətnlərində hipermətn (yəni digər mənbə və sənədlərə keçid) nümunələri yer alır: əslində o xətti, qeyri-xətti, ənənəvi üslub və formanı pozub, poetik forma ilə eksperimentlər həyata keçirməyi xoşlayan, ənənəvi üslub tərzindən kənarlaşıb, qeyri-xətti süjeti qabartmağa çalışan, fraqmentar səhnələri göz önünə gətirib "düz" ifadəsini çeşidli variasiyalarda (düzdü, dağ deyil düzdü, yayılıb gedən düz, yerdən düz, göydən düz, yolları düz, çığırları düz, çuxurları düz, söyüdləri düz, bıçaqları düz kəsir və i.a və s. eyni zamanda "düz" ifadəsi isim, sifət və feil rolunda da uğurla işlədilir. Şairin yaradıcılığında belə yanaşma, yaxud üsluba önəm verməsi onun tərəfindən gözlənilməyən unikal əsərlərin ortaya çıxmasına geniş şərait yaradır. Nitqində poetik mətn həm çeşidli, həm də əyləncəli təsir bağışlayır.

Belə yanaşmanı biz şairin "Vaxt vadisi" poetik məcmuəsində təqdim etdiyi "Böyüklük" şeirində də görə bilirik:

Böyüklük

dünyanı görə bilməkdi:

yerini bilmək,

yolunu bilməkdi.

Dünyanı uzaqlardan, dərinlərdən,

gələcəkdən - gedəcəkdən

görməkdi.

Gedən yazı bir hənirdən,

ölən qışı bir ləçəkdən görməkdi.

...Bir də gələcəkdən

o körpəni,

o uşağı görməkdi;

bu dünyanın bir fərli işini,

bir yaxşı sözünü ötürməkdi!

Ələkbər poetik düşüncəsində sanki gələcək nəsillər üçün yazdığından lakoni frazalara, ifadələrə meydan verməklə daha az, lakin hədəfə tuşlanan sözlərdən istifadə edib. O, bu tipli nümunələrdə sanki öz yaradıcılığının mahiyyətinin çatdırılmasında maraqlı olub. İstedadlı və orijinal şairin ustalığı gördüyümüz kimi, "Böyüklüy"ün tutumu haqqında çeşidli anlam və mahiyyət bazası yaradır. Ə.Salahzadənin də poetik sənətkarlığı məhz bundadır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
525.az

1Mənbələr