AZ

Zədələnmiş naqil gözlənilməz təhlükə mənbəyidir -Ekspert xəbərdarlıq etdi

Bakının Binəqədi rayonunda mağazada meyit aşkar olunub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Binəqədi şossesində yerləşən mağazada baş verib.
Orada elektrik işləyən Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Elvin Mirzə oğlu Vedixanovu elektrik cərəyanı vurub.
Xəstəxanaya yerləşdirilmiş E.Vedixanov iyunun 11-i orada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, elektrik təsərrüfatının texniki sazlığının təmin olunması bütün təyinatlı obyektlərdə mühüm əhəmiyyət kəsb edir:

“İl ərzində bir dəfə ixtisaslaşmış təşkilatlar tərəfindən elektrik təsərrüfatına texniki baxış keçirilməli, ölçmə-sınaq işləri aparılmalı və müvafiq texniki protokol tərtib olunmalıdır. Əgər hər hansı nasazlıq və ya texniki qüsur aşkarlanarsa, onların dərhal aradan qaldırılması təmin olunmalı, yalnız bu tədbirlərdən sonra sistemin istismarına icazə verilməlidir. Nasaz və ya zədələnmiş elektrik naqillərindən istifadəyə yol vermək olmaz, çünki bu, elektrik cərəyanı vurması, qısaqapanma və yanğın hadisələri ilə nəticələnə bilər. Elektrik şəbəkəsindəki istənilən nöqsan təhlükə mənbəyi olduğundan, texniki təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunmalıdır.
Elektrik təsərrüfatında dövri baxış və profilaktik tədbirlər şəbəkənin təhlükəsizliyini və etibarlılığını artırır. Bu, həm insan həyatı, həm də əmlak üçün vacib müdafiə mexanizmidir. Zədələnmiş kabellər izolyasiya zəifliyinə səbəb olaraq sızma cərəyanları və qısaqapanma yarada bilər. Bütün texniki xidmətlər yalnız ixtisaslı mütəxəssislər tərəfindən və qüvvədə olan normalara uyğun aparılmalıdır. Texniki nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılması potensial risklərin qarşısını almaqda mühüm rol oynayır”.
Seçilən
4
1
sherg.az

2Mənbələr