"Victoria’s Secret & Co." şirkəti 2025-ci ilin ikinci rübü üzrə açıqladığı maliyyə proqnozu ilə analitiklərin gözləntilərini doğrultmayıb.
Valyuta.az xəbər verir ki, şirkət səhmə görə düzəldilmiş xalis gəlirin sıfırla 15 sent (yəni 0,15 ABŞ dolları) arasında olacağını açıqlayıb. Analitiklər isə səhmə görə, orta hesabla 29 sent mənfəət gözləyirdilər. Lakin satış göstəriciləri 1,4 milyard dollar səviyyəsində olub və proqnozlara uyğun gəlib.
Məlumatın açıqlanmasından sonra şirkətin səhmləri ilkin ticarət sessiyasında 1 faizdən az dəyər itirib. Bu ilin əvvəlindən bəri ümumi azalma təxminən 46 faiz təşkil edir.
Brendin sentyabr ayında təyin olunmuş yeni baş direktoru Hillari Super şirkəti yenidən gücləndirmək və daha gənc auditoriyaya xitab etmək məqsədilə məhsul çeşidini genişləndirmək və marketinq fəaliyyətlərini artırmaq strategiyasını həyata keçirir.
Lakin bu strategiyanın həyata keçirilməsi bir sıra xarici çətinliklərlə üzləşib. ABŞ-ın Asiyadan idxal olunan məhsullara tətbiq etdiyi tariflər, istehlak xərclərindəki azalma və şirkətin əsas səhmdarlarından birinin idarə heyətində dəyişikliklər tələb etməsi işlərini çətinləşdirən başlıca amillərdir.
Bundan əlavə, ötən ay yaşanan kiber təhlükəsizlik insidenti səbəbilə "Victoria’s Secret" onlayn satış platformasını üç gün müddətinə bağlamalı olub. Şirkət bu fasilənin cari rüb göstəricilərinə təsir edəcəyini bəyan etsə də, detallar açıqlanmayıb.
İllik proqnozlara gəlincə, şirkət satış hədəfini dəyişməyib, lakin düzəldilmiş əməliyyat mənfəəti üzrə maksimum gözləntisini 350 milyon dollardan 320 milyon dollara endirib. Tariflərin şirkətə olan təsirinin isə təxminən 50 milyon dollar həcmində olacağı bildirilib.
Xatırladaq ki, "Victoria’s Secret" ötən həftə açıqladığı ilkin nəticələrə əsasən 2025-ci ilin ilk rübündə 1,35 milyard dollar satış və səhmə görə 9 sent düzəldilmiş mənfəət əldə etdiyini bildirmişdi. Bu göstəricilər şirkət tərəfindən bu həftə bir daha təsdiqlənib.
Sərvanə Rəmixanova