AZ

Leroy Sane “Qalatasaray”da - Rəsmi

Almaniya çempionu “Bayern”in sağ cinah hücumçusu Leroy Sane bundan sonra “Qalatasaray”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.

Almaniyalı vinger yeni klubu ilə 3 illik müqavilə bağlayıb. Sane Türkiyə nəhənginə azad agent kimi qoşulub.

Xatırladaq ki, Leroy Sane futbola “Vattenşayd” klubunda qədəm qoyub. Leroy “Şalke” və “Bayer”in futbol akademiyalarında oynayıb, böyük futbolda “Şalke”nin heyətində debüt edib və buradan da “Mançester Siti”yə keçib.

2020-ci ilin iyulunda “Bayern” 49 milyon avro məbləğ müqabilində Saneni “şəhərlilər”in düşərgəsindən tamhüquqlu əsasda öz heyətinə qatıb. Sanenin Almaniya nəhəngi ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Sane “Bayern”in heyətində bütün yarışlarda 45 oyuna 13 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.

Sanenin “Bayern”dəki çıxışının ümumi mənzərəsi 220 oyun, 61 qol və 55 məhsuldar ötürmədən ibarətdir.

Leroy Sane 2015-ci ilin noyabırnda debüt etdiyi Almaniya yığmasının heyətində 70 oyun keçirib, 14 qol vurub, 8 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 29 yaşlı almaniyalı vingerin transfer dəyərini 32 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
33
arena.az

1Mənbələr