Tbilisi, 12 iyun, AZƏRTAC
İyunun 14-də Gürcüstanda azərbaycandilli məktəblərin şagirdləri arasında ilk dəfə Azərbaycan dili üzrə I Regional Olimpiada keçiriləcək.
Bu barədə AZƏRTAC-a “Maarif” təşkilatının rəhbəri, gənc fəal Aygül İsayeva məlumat verib.
Onun sözlərinə görə, artıq ölkədəki azərbaycandilli 116 məktəbdə seçim turları keçirilib və 105 şagird yekun tura vəsiqə qazanıb.
Yekun tur Marneuli şəhərində yerləşən Azərbaycan Evində, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.
Onun sözlərinə görə, olimpiadanın əsas məqsədi məktəblilər arasında Azərbaycan dilinə marağın artırılması, ana dilimizin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsidir. Eyni zamanda, şagirdlərə dil bilikləri ilə yanaşı, yazılı və şifahi ünsiyyət bacarıqlarını nümayiş etdirmək imkanı yaradılacaq.
Qeyd edək ki, bu cür tədbirlər Gürcüstanda yaşayan azərbaycanlıların milli kimliyinin qorunmasına, ana dilində təhsilin təşviqinə və ictimai inteqrasiyanın gücləndirilməsinə xidmət edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi