“Sertifikatlaşdırmada qiymətləndirmə zamanı əsas şərt müəllimin tədris etdiyi məzmundan kənara çıxmamaqdır. Bəzən bu məsələyə yanaşmada müəyyən anlaşılmazlıqlar yaranır”.
AzEdu.az xəbər verir ki, bu fikirləri bu gün Təhsil TV-nin “360 dərəcə təhsil” verilişində qonaq olan Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva səsləndirib.
O bildirib ki, məzmun dedikdə, müəllimlərin tədris planında yer alan konkret mövzular nəzərdə tutulur:
”Müəllimlər soruşurlar ki, əgər qiymətləndirmədə bu çərçivədən kənara çıxılmırsa, o zaman suallar niyə çətindir, onlara necə cavab versinlər. Aydındır ki, mövzu eyni ola bilər, Amma şagirdə verilən sualla müəllimə verilən sual eyni ola bilməz. Buna görə sertifikasiya imtahanında suallar o formada tərtib olunmur”.
Nəzakət Mehdiyeva qeyd edib ki, suallar tədris məqsədlərinə uyğun tərtib olunmalıdır. Onun sözlərinə görə, müəllimin gündəlik fəaliyyəti, pedaqoji və metodiki yanaşması da nəzərə alınmalıdır.
“Əgər qiymətləndirmədə 60 sual yer alırsa, onların 50-si məzmun üzrə, 10-u isə pedaqogika və metodika ilə bağlı sahələri əhatə edir. Burada sual bölgüsü dəqiq və şəffaf şəkildə müəyyənləşdirilməlidir ki, müəllimlər hansı mövzular üzrə hazırlaşmalı olduqlarını aydın şəkildə bilsinlər”, – deyə o əlavə edib.