BAKI, 12 iyun. TELEQRAF
Cinayət aləmində tanınmış şəxslərdən hesab edilən Dağıstan əsilli kriminal avtoritet Marsel Həsənovun işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf-ın xəbərinə görə, Yekaterinburq Vilayət Məhkəməsində keçirilən prosesdə ittiham aktı elan olunub.
Marsel Həsənov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci (kriminal iyerarxiyada yüksək mövqe tutma), 319-cu (dövlət məmurunu açıq şəkildə təhqir etmə) və 321.2-ci (həbsxana əməkdaşını təhdid etmə) maddələrilə ittiham edilir.
İttihama əsasən, 2024-cü il noyabrın 4-də Moskva istintaq təcridxanasında saxlanılan iki məhbus – Quliyev və İsmayılov arasında münaqişə Marsel Həsənovun göndərdiyi mesaj vasitəsilə həll edilib. Bildirilir ki, bu, onun kriminal mühitə təsir imkanlarını nümayiş etdirir.
Prokurorluq həmçinin qeyd edib ki, Həsənov istintaq təcridxanasında bir əməliyyatçını açıq şəkildə təhqir edib və əməkdaşa qarşı zorakılıqla hədələyib.
Marsel Həsənov bu ittihamları qismən – yalnız təhdid hissəsini etiraf edib.
Məhkəmədə ifadə verən Həsənov özünü "kriminal avtoritet" kimi tanımadığını bildirib. Onun sözlərinə görə, bu işin təşkilatçısı keçmiş dostu, hazırda təhlükəsizlik qüvvələrində çalışan İqor adlı şəxsdir. Həsənov deyib ki, həmin şəxs onun evində dəfələrlə olub, ailəsi ilə yaxın münasibətlər qurub.
Daha əvvəl təqsirləndirilən Həsənov iddia etmişdi ki, təcridxanada onu zəhərləməyə cəhd olunub – qidaya zəhər qatılıb. Lakin Federal Penitensiar Xidmət bu iddianı rəsmən təkzib edib.
Onun evində aparılan axtarış zamanı üzərində “oğru ulduzu” simvolu olan, üzərində “Marsel” yazılmış üzük tapılıb. Üzüyün içərisində “İlya və Vovadan olan oğru qardaşıma” yazısı yer alıb.
Marsel Həsənov iddia edir ki, işin əsası yalnız votsap yazışmalarına əsaslanır və onun əleyhinə ciddi sübutlar yoxdur.
Marsel Həsənov ilk dəfə ictimaiyyətin diqqətini Yumaşev küçəsində kriminal avtoritetlərin toplantısında iştirak etməklə cəlb edib. Bundan başqa, Bumer avtoyuma məntəqəsinin yaxınlığında baş verən silahlı insidentdə də onun adı hallanıb. Həmin hadisədə avtomobil təqibi və atışma qeydə alınıb. O, 2023-cü ilin oktyabrında “Kaspiy” kafesinin yaxınlığında saxlanılsa da, az sonra sərbəst buraxılıb.
İstintaq materiallarına əsasən, 2024-cü ilin sentyabrında Marsel Həsənov kriminal aləmdə nüfuz sahibi olan Şakro Molodoy (Zaxariy Kalaşov) və Badri Kutaisski (Badri Koquaşvili) tərəfindən Sverdlovsk vilayətinə “nəzarətçi” təyin edilib.