AZ

İlham Zəkiyev: I Avropa Oyunları gözəl yuxu kimi yaddaşlarda qalıb

Bakı, 12 iyun, AZƏRTAC

Avropa Oyunlarından sonra Azərbaycan özünü bir daha idman ölkəsi kimi təsdiq etdi. İdmançılarımız Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında əldə etdikləri nailiyyətlərlə artıq arzuolunmaz rəqiblərə çevriliblər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın paracüdo üzrə ikiqat dünya, onüçqat Avropa çempionu İlham Zəkiyev 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının 10 illiyi ilə bağlı danışarkən deyib.

O, bu Oyunların gözəl yuxu kimi yaddaşlarda qaldığını söyləyib: “Bakı bu nüfuzlu idman tədbirinə möhtəşəm şəkildə ev sahibliyi etdi. Prezident İlham Əliyevin idman sahəsində yürütdüyü müdrik siyasət və biz idmançıların dünya arenasında qazandığı qələbələr sayəsində Avropa Oyunlarını ilk olaraq Azərbaycana həvalə etdilər. Biz də ölkə olaraq bu etimadı layiqincə doğrultduq. Hətta deyərdim ki, tədbir təşkilatçılıq baxımından Olimpiya Oyunları səviyyəsində keçirildi. Yarışlarda iştirak edən idmançılar və onların məşqçiləri buradakı şəraitdən razı qaldıqlarından ağız dolusu danışırdılar”.

İ.Zəkiyev Oyunlarda ona həvalə olunan iki missiyadan da bəhs edib: “Dövlətimizin başçısının təşəbbüsü ilə turnirin proqramına paracüdo da salındı. Beləcə, paracüdoda kişilərin mübarizəsində yalnız mənim çəki dərəcəmdə yarışlar baş tutdu. Açılış mərasimində sonuncu məşəldar olaraq stadiona daxil oldum. Bu, çox ağır və məsuliyyətli missiya idi. Şükürlər olsun ki, bunun öhdəsindən gələ bildim. Açılışdan 3-4 ay qabaq mənə zəng edərək, Avropa Oyunlarının təşkilat ofisinə çağırdılar. Bildirdilər ki, məşəl bütün regionları dolaşacaq və sonuncu məşəldar sən olacaqsan. Bunu eşidəndə çox qürurlandım. Nə dərəcə məsuliyyətli iş olduğunu dərk edirdim. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva çox sayda namizəd arasından məhz məni seçmişdi. Mənə dedilər ki, bu, dövlət sirri deyil, ancaq heç kim bilməməlidir. Bundan sonra həftədə 1-2 dəfə heç kimin xəbəri olmasın deyə gecə saatlarında Olimpiya Stadionuna gedir və orada məşqlər edirdik. Hətta ailə üzvlərimə də bu barədə heç nə deməmişdim. Çünki tapşırıq belə verilmişdi. Doğrudan da çox gözəl sürpriz oldu. Açılış mərasimi zamanı dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə söhbət edəndə onlara bildirdim ki, 26 iyun – Silahlı Qüvvələr Günündə tatamiyə çıxıb medal qazanacağam və bunu Ali Baş Komandana hədiyyə edəcəyəm. Onlar məndən yanlız qızıl medal gözlədiklərini söylədilər. Nəhayət, həmin gün bu şərəfə nail oldum. Qələbə qazandım. Prezident bizi təltif edəndə də onu bayram münasibətilə təbrik etdim. Çox sağ olsun ki, mənimlə birlikdə fəxri kürsüyə qalxdı. Məni qucaqladı və dedi ki, Azərbaycan səninlə fəxr edir”.

Azərbaycan idmançılarının yarışlarda 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla ümumilikdə 56 medal qazandığını xatırladan əməkdar məşqçi bunun möhtəşəm nəticə olduğunu, ölkə idmanı tarixində mühüm iz qoyduğunu vurğlayıb: “İdmançılarımız bu turnirdə çox yaxşı iş gördülər. İnanılmaz qələbələr qazandılar. Medalların sayına görə, İngiltərə, Almaniya, Fransa kimi ölkələri geridə qoyaraq, yalnız Rusiyadan sonra ikinci olduq. Rusiya və Azərbaycan komndalarının heyətləri arasında fərqə nəzər salsaq, bunun çox böyük uğur olduğunu deyə bilərik”.

Seçilən
26
azertag.az

1Mənbələr