Qusarda Milli Qurtuluş Gününə həsr olunmuş üzgüçülük üzrə rayon birinciliyi keçirilib.
Qusar Olimpiya İdman Kompleksində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş üzgüçülük idman növü üzrə uşaq və yeniyetmələr arasında rayon birinciliyi keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd dövlətçilik tariximizin taleyüklü mərhələlərindən biri olan Milli Qurtuluş Gününün ictimai-siyasi əhəmiyyətini gənc nəslə aşılamaq, onların milli-mənəvi dəyərlərə bağlılığını gücləndirməklə yanaşı, sağlam həyat tərzini təşviq etmək və yeniyetmələr arasında idman rəqabəti mühitini inkişaf etdirməkdən ibarətdir.
Birincilikdə müxtəlif yaş qruplarından olan üzgüçülər bacarıqlarını nümayiş etdiriblər. Sonda müxtəlif kateqoriyalar üzrə I, II, III yerlərin qalibləri müəyyən edilərək diplom və medallarla təltif olunublar.
Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Hacıyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun müdiri Emil Əmirmətov Milli Qurtuluş Gününün Azərbaycanın dövlətçilik tarixində oynadığı müstəsna roldan, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından və idmana göstərdiyi davamlı diqqət və qayğıdan söz açıblar.
Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib və bölgələrdə yaradılan idman infrastrukturu buna əyani sübutdur.
Gənc nəslin fiziki inkişafı ilə yanaşı, onların dövlətçilik dəyərlərinə bağlılıq ruhunda yetişdirilməsi istiqamətində həyata keçirilən bu kimi təşəbbüslər, vətənə sədaqətli, sağlam düşüncəli və ictimai fəal gəncliyin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu cür tədbirlər həm idmanın inkişafına töhfə verir, həm də gəncləri ümummilli məqsədlər ətrafında birləşdirərək onların cəmiyyətə faydalı fərdlər kimi yetişməsinə şərait yaradır.
Aytəkin Alxaslı, Bizim.Media