Bu dəmir yolu ilə hərəkət edən qatar o zaman rentabelli işləyə bilər ki, onun daşıdığı yük 99 əyarlı Au elementi - qızıl olsun...
Ermənistanın “Economix” proqramında “Apaven” nəqliyyat və logistika şirkətinin həmtəsisçisi və icraçı direktoru Qaqik Ağacanyan deyib ki, Ermənistan İranla dəmir yolunun tikintisi ilə bağlı müqavilə imzalayıb, Ermənistanla İranı dəmir yolu ilə birləşdirmək üçün bir stansiya tikmək kifayətdir:
"Əgər biz Mehri ilə əlaqəni təmin etsək və bunun üçün Araz çayı boyunca 60 km-lik dəmir yolunu tamamlasaq, Mehri Ermənistanın ərəb ölkələrinə və Hind okeanına çıxış qapısına çevriləcək. Rusiya Hind okeanına çıxmaq üçün milyardlar xərcləyir, bizə isə cəmi 60 milyon dollar lazımdır. Bizə bu proqramı həyata keçirməyə kim mane olur?"
Onun fikrincə, bu, qonşularımızın da bu yoldan istifadə etməsinə şərait yaradacaq. O qeyd edir ki, üstəlik, bu halda Ermənistan İranın həyata keçirdiyi proqramın bir hissəsi olacaq, bu da ölkəni Azərbaycandan yan keçərək Çinlə, eləcə də neftlə zəngin İraqla birləşdirəcək.
Dünyada bəzi problemlər var ki, onların həlli haqda danışmaq kifayət qədər asandır. Məsələn, nəzəri baxımdan batmış sualtı qayığı dənizin dibindən çıxarmaq asandır. Amma Rusiya kimi nəhəng iqtisadiyyata malik dövlət 25 ildir ki, "Kursk" sualtı qayığını Barents dənizinin dibindən çıxara bilmir. Bu, yüz min tonlarla dəmir deməkdir. İndi İranla Ermənistan arasında dəmir yolunun inşası da buna bənzəyir. İranla Ermənistan araaında əslində bu dəmir yolunun çəkilməsi barədə heç bir müqavilə mövcud deyil. Sadəcə on il əvvəl tərəflər memorandum imzalayıblar ki, onların belə bir niyyəti var. Sonuncu dəfə Çin mütəxəssislərinin qiymətləndirməsinə görə, İranla Ermənistan arasında, Qaqik Ağacanyanın dediyi kimi bir stansiya dəmir yolunun tikintisinə 60 milyon deyil, 1 milyard ABŞ dolları qoyulsa da zəmanətli dəmir yolu tikmək mümkün deyil. Ona görə də 40 ildir İran bu layihəyə investisiya qoymaqdan qaçır. Ermənistanın isə belə bir investisiya qoymaq imkanı yoxdur. Ermənistan bu layihə üçün investr tapsa belə, bir qədər mübaliğəli desək, bu dəmir yolu ilə hərəkət edən qatar o zaman rentabelli işləyə bilər ki, onun daşıdığı yük 99 əyarlı Au elementi, yəni qızıl olsun.
Ermənistan hökumətinin bütün beynəlxalq tədbirlərdə reklam elədiyi, "Dünyanın kəsişməsi, "Sülh kəsişməsi" və s. gəlişıgözəl səslənən adlar qoyduğu layihələr məhz Ermənistanla İran arasındakı ərazinin əlverişsiz relyefi ilə əlaqədar olaraq həyata vəsiqə ala bilmir.
Çinin hazırda Ermənistanda yerləşən səfirliyi 40 ha. əraziyə malik şəhərcikdən ibarətdir. Həmin şəhərcikdə Çin iş adamlarının onlarla biznes mərkəzi və ofisləri var. Çin yalnız Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqə kommunikasiya xətlərinin açılmasına ümid edərək İrəvanda şəhərcik salıb. Amma Ermənistanın Qaqik Ağacanyan kimi populist iş adamları elə bilir ki, Çin iş adamları onların Hind okeanı vasitəsilə Çinə yol açacaqlarına inanaraq Ermənistanda böyük nümayəndəlik açıb. Əslində Çin iş adamları Qaqik Ağacanyan və digər bu cür qeyri-ciddi iş adamlarına ürəklərində gülür və özlərini onlara ininan adam kimi təqdim edirlər. Amma çinlilər əslində Ermənistanda Zəngəzur dəhlizinin açılmasını gözləyirlər.
Ermənistanı cənubdan İranla sərhəddə iki ölkə arasında olan əlverşsiz relyef şəraiti bloklayır, şimaldan isə Gürcüstan, Şimali Osetiya və Abxaziya üzərindən keçməklə Rusiyaya qovuşan dəmir yollarının bağlı olması maneə yaradır. Məlumdur ki, 2008-ci ildə altı günlük müharibə nəticəsində Şimali Osetiya və Abxaziya Rusiya tərəfindən işğal edildikdən sonra Gürcüstan bu respublikalarla hər cür əlaqəni kəsdi, o cümlədən də Ermənistan-Rusiya dəmir yolu bağlandı. İndi Ermənistan Yuxarı Lars sərhəd-keçid məntəqəsinin ümidinə qalıb. Bu sərhəd-keçid məntəqəsi isə ilin bir gününü işləyirsə, 3 gününü hava şəraiti səbəbindən bağlı qalır.
Hazırda Gürcüstan yeni keçid açmaq üçün tunel tikir. Ermənistan indi də həmin tunelə ümid bağlayıb.
Akif NƏSİRLİ