AZ

Rusiyada "skinhedlər"in zühuru – döyüşə miqrantlar gedir - ŞƏRH

SSRİ dağılandan sonra Rusiyada keçmiş sovet vətəndaşlarına, xüsusilə Mərkəzi Asiya və Qafqazdan olanlara qarşı ayrı-seçkilik edilib, dözümsüzlük göstərilib.

Başıqırxıqlar, yaxud skinhedlər mütəmadi olaraq xarici ölkə vətəndaşlarına, miqrantlara, əmək mühacirlərinə hücumlar edir, onlara mənəvi, fiziki işgəncə verir, qarət edirlər.

Əvvəllər bu qruplar əmək mühacirlərinə münasibətdə reketçiliklə də məşğul olublar.

Məlumatlara əsasən, belə cinayətlərdə hakimiyyət orqanları əməkdaşlarının da əli yox deyildi.

Miqrantlara qarşı hücumlar Vladimir Putin prezident olandan sonra da bir müddət davam etdi. Lakin Kreml bu prosesin acı nəticəsini görüb, “Rusiya ruslar üçün” şüarını irəli sürənləri müdafiədən əl çəkdi. Bunun ardınca sənədləşmə məsələsi başladı və s.

Rusiyan ilə Ukrayna arasında münaqişə başlayandan sonra Moskva yeni miqrasiya siyasəti irəli sürdü.

Son günlər isə Rusiyada yenidən neonasistlər aktivləşib. Məlumatlara əsasən, bu, onların törətdikləri cinayətlərin sayının artmasından da görünür.

Müasir nazi-skinhedlər çox vaxt yetkinlik yaşına çatmamış şəxslərdən ibarət olur. Bu faşist dəstələri gəlmələrə və qeyri-formallara hücum edir, bunu videoya çəkib internetə yükləyirlər. Bu dəstə küçələrdə svastika, kelt xaçları və digər ultrasağçı simvolları çəkirlər.

Görünür Ukraynadakı müharibə və Vladimir Putinin köməkçisi Vladimir Medinskinin öncüllərindən olduğu ideoloji xətt “bəhrəsini” verir.

Bu günlərdə Moskva vilayətinin Şelkovo rayonunun Fryanovo qəsəbəsində iki kişi odlu silahla Azərbaycandan olan və slavyan olmayan millətlərin çalışdığı bazarın ərazisinə soxularaq onları cəzalandıracaqları ilə hədələyiblər.

Bu ilk belə hadisə deyil. Bundan əvvəl, iyunun 8-də Moskvada güc qurumlarının əməkdaşları miqrantlar üçün yataqxanada sərt reyd keçiriblər. Nəticədə bir neçə nəfər saxlanılıb. Rusiya rəsmiləri onların miqrasiya rejimini pozduqlarını iddia edir.

Artıq Özbəkistan tərəfi öz vətəndaşlarına qarşı edilən hərəkətlərə hüquqi qiymət verilməsi məqsədi ilə Rusiyaya etiraz notası göndərib.

Hadisə iyunun 10-da Özbəkistan XİN əməkdaşlarının rusiyalı həmkarları ilə aylıq görüşündə də müzakirə olunub. Özbəkistanlı diplomatlar Rusiya ərazisində respublika vətəndaşlarının icazəsiz axtarışları və kobud rəftarı hallarından narahatlıqlarını ifadə ediblər.

Rusiya paytaxtında miqrantlar üçün yataqxanadakı hadisəyə Özbəkistan ictimai xadimləri də reaksiya veriblər.

Daha əvvəl Qırğız Respublikası vətəndaşlarının getdiyi Moskva hamamında polis reyd keçirmişdi. Ölkənin Xarici İşlər Nazirliyi bu hadisə ilə əlaqədar Rusiya XİN-ə etiraz notası ilə müraciət etmişdi. Rusiya XİN rəsmisi Mariya Zaxarova Özbəkistan səfirliyinin notasını aldıqlarını təsdiqləyərək qeyd edib ki, məlumat “diqqətlə nəzərdən keçirilir”.

Bu günlərdə isə miqrantları sıxışdırmaq üçün yeni qaydaların tətbiq ediləcəyi bildirilib. Məlumata görə, müvəqqəti qeydiyyatı və daimi yaşayış icazəsi olan miqrantların hər il tibbi müayinədən, o cümlədən narkotik və QİÇS də daxil olmaqla yoluxucu xəstəliklərə dair testlərdən keçməsi təklif olunur. Hazırda belə yoxlamalar yalnız sənədlər təqdim edilərkən keçirilir və sonrakı nəzarət nəzərdə tutulmur.

Qanun layihəsini Dövlət Dumasına təqdim edən Liberal Demokratlar Partiyasından bildirilib ki, bu tədbir epidemioloji təhlükəsizlik və narkotik asılılığına qarşı mübarizə naminə lazımdır. Ancaq bunun miqrantlara yeni təzyiq vasitəsi, aləti, bəhanəsi olduğu da sirr deyil. Çünki miqrantlar RF sərhədini keçməzdən əvvəl koronovirus da daxil olmaqla tibbi və narkotik yoxlamalardan keçirlər. Onların sonradan QİÇS yoluxması Rusiya ilə əlaqədar olacaq. Bu baxımdan RF vətəndaşları liberalların təqdim edildiyi layihə üzrə narkotik asılılığı və QİÇS-ə qarşı hansı müddətə yoxlamadan keçir, müayinə olunurlar?

Qeyd etdiyimiz kimi, mühacirlərə qarşı yeni hücum dalğası Rusiyanın Ukraynada başladığı genişmiqyaslı əməliyyatdan sonra başlayıb.

Canlı qüvvə çatışmazlığını aradan qaldırmaq üçün rəsmi Moskva mühacirlərə Mərkəzi Asiya, Azərbaycandan və başqa sovet respublikalarından olan qeyri-rus Rusiya vətəndaşlarına, həmin kateqoriyadan olan mühacirlərə üz tuturlar. Döyüşməkdən imtina edən belə vətəndaşları Rusiya vətəndaşlığından məhrum edir və ölkədən çıxarırlar. Mühacirlərə isə müharibəyə gedəcəkləri halda vətəndaşlıq verir, imtina etdikdə isə onlar deportasiya olunurlar.

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu zamanı bildirib ki, Mərkəzi Asiya ölkələrindən olan 20 min Rusiya vətəndaşlığı almış şəxs Ukraynaya qarşı müharibədə iştirak edir: “Bizim hərbi istintaq idarəmiz miqrantların olduğu yerlərdə müntəzəm reydlər keçirməyə tərəfimdən səlahiyyətləndirilib. Hərbi qeydiyyata durmayan Rusiya Federasiyasının vətəndaşlarını - vətəndaşlıq almış əcnəbiləri saxlayırıq. Artıq Rusiyanın 80 min belə vətəndaşını tutmuşuq, onlar nəinki cəbhəyə, hərbi komissarlığa belə getmək istəmirlər. 80 min nəfəri tutub hərbi qeydiyyata aldıq”. Onun sözlərinə görə, Rusiyanın 20 min həmin “gənc” vətəndaşı, nədənsə Özbəkistanda, Tacikistanda, Qırğızıstanda yaşamaq istəmirlər: “Onlar bu gün ön cəbhədədirlər”.

2024-cü ilin iyununda Bastrıkin bildirmişdi ki, Rusiya pasportu almış 30 mindən çox insanı "tutub" hərbi qeydiyyata alıblar. Onun sözlərinə görə, onlardan təxminən 10 mini "hərbi əməliyyat zonasına səngər qazmaq və istehkamlar qurmaq üçün” cəbhəyə göndərilib.

2024-cü ilin iyulunda Rusiya Dövlət Duması əcnəbiləri Rusiya pasportu alarkən eyni zamanda hərbi qeydiyyata durmağa məcbur edən qanun qəbul edib, əks halda onlar vətəndaşlıqdan məhrum edilə bilərlər. Bu qanunu həmin ilin avqustunda Vladimir Putin imzalayıb.

2025-ci ilin aprelində Rusiyadan olan hərbçilərin könüllü əsir düşməsinə kömək etmək üçün yaradılmış Ukraynanın yaratdığı "Yaşamaq istəyirəm” dövlət layihəsi Rusiya Silahlı Qüvvələri ilə müqavilə bağlayan və Ukraynaya qarşı döyüş əməliyyatlarda iştirak etmiş 1110 Özbəkistan vətəndaşının siyahısını dərc edib.

Məlumatlara əsasən, Tacikistanda Rusiya-Ukrayna müharibəsində ölən ölkə vətəndaşlarının qəbiristanlığı salınıb. Onların sayının yüzlərlə olduğu bildirilir.

Rusiyanın miqrasiya siyasəti ölkədəki miqrasiya proseslərini tənzimləyən tədbirlər kompleksidir. Bu siyasət təhlükəsizliyin təmin edilməsinə, demoqrafik problemlərin həllinə, regionların inkişafına və milli əmək bazarının qorunmasına yönəlib. Bu siyasət miqrantların cəlb edilməsi, miqrasiya axınlarının nəzarəti, miqrantların inteqrasiyası və soydaşların qayıtmasının dəstəklənməsi üçün tədbirləri əhatə edir.

Ancaq məlum olur ki, hazırda bu siyasət miqrantların Rusiya tərəfindən döyüşməsinə istiqamətlənib.

Son aylar Rusiyada mühacirlərə qarşı istənilən şəkildə hücum BMT nizamnaməsini, hüquq normalarının pozulması deməkdir. Çünki Moskva miqrant siyasətindən Ukraynada apardığı müharibəyə canlı qüvvə toplamaq üçün alət olaraq istifadə edir. Sanki Rusiya onları sınağa çəkir: “Burada yaşamaq istəyirsən get, döyüş, sağ qalsan yaşayarsan”. Bu indiki şəraitdə onun miqrasiya siyasətidir.

Ona görə də Moskva Ukraynada Şimali Koreya əsgərlərinin, müxtəlif şirnikləndirici yollarla vətəndaşlıq verdiyi miqrantların sayəsində döyüşür. O zaman sual olunur: Sahəsi genişlənən bu dövlətdə kim yaşayacaq -reproduktivliyi azalan ruslar, ya artımı dayanmayan çinlilər?! Hər halda, Vladimir Medinski kimi ideoloqların bu məsələyə də diqqəti vacibdir. Müharibə Rusiyanın bütün potensialı kimi demoqrafiya və miqrasiya siyasətini də ifşa etdi.

Seçilən
28
1
report.az

2Mənbələr