AZ

Leroy Mikels "Neftçi"yə keçir? - "Danışıqlar yaxşı gedir"

BAKI, 12 iyun. TELEQRAF

Bu yaxınlarda “Şamaxı”dan ayrılan futbolçu Leroy Mikels “Neftçi”yə keçməyə yaxındır.

Teleqraf-ın məlumatına görə, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasovun istəyilə 30 yaşlı forvardla danışıqlar davam edir.

Tərəflər ortaq məxrəcə gələ bilsələr, Mikels yay təlim-məşq toplanışı üçün “Neftçi”nin düşərgəsinə qoşulacaq.

Eyni zamanda, futbolçuya xarici klublar və digər Premyer Liqa təmsilçilərindən də istək var. Almaniyalı legioner isə maddi məsələyə görə tələsmək niyyətində deyil.

O, Teleqraf-a açıqlamasında hələ qərar vermədiyini söyləyib: “Bu barədə heç nə deyə bilmərəm. Hazırda ailəmlə birlikdə məzuniyyətdəyəm. Transfer barədə danışıqlar yaxşı gedir, amma hələ qərar verməmişəm”.

Mikels xaricdən təkliflərinin olduğunu da təkzib etməyib: “Azərbaycanda qalacağım hələ təsdiqlənməyib. Futbolda hər şey tez dəyişə bilər. Amma mən qalmaq istərdim”.

Qeyd edək ki, 2024-cü ilin yayından “Şamaxı”da çıxış edən Leroy Mikels ümumilikdə 24 oyuna 5 qol vurub, 4 qol ötürməsi edib. Onun qardaşı Coy-Lens Mikels "Sabah"da çıxış edir.

Seçilən
21
teleqraf.com

1Mənbələr