"Valideynlər tez-tez sual verir ki, uşağın allergiyası olduğunu necə bilək? Burada bir neçə məsələ qarışır".
Ölkə.Az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. O, valideynlərə allergiyanı müəyyənləşdirməyin yollarından bəhs edib:
“Bir var uşaq (və ya böyük ) nəyisə az da olsa, yeyir, dərhal və ya bir neçə müddət sonra səpgi, ödəm, öskürək, boğulma, ən ağırı isə şok şəklində reaksiya olur. Bu, allergiyadır və həmişəlik rasiondan çıxarılmalıdır. Allergiya ilə oynamaq olmaz. Yüngül əlamətlə başlasa belə, autoimmun xəstəlik, ən ağlr halda ölümlə nəticələnə bilər. Valideynlərin də sevdiyi ifadə var:indi bu uşaq ömür boyu pəhriz eləsin?
Sizi inandırım ki, bizim adamları heç bir ay pəhrizdə saxlamaq olmur, qalmışdı bir ömür ola. Hansısa qidaya, məhsula allergiyanı bilmək üçün test vermək lazım deyil. Düzgün şəkildə müşahidə etmək lazımdır. Nədən sonra oldu? O "nədən sonra oldu" nu qan anaıizi göstərmir. Qan analizi nə vaxtsa qanda bu kimi zülallara qarşı reaksiya olduğunu deyə bilir. O da həmişə düz deyil. Valideyn özü deyir ki, mənim uşağım apelsindən səpir, amma siyahıda çıxıb ki, ona qarşı reaksiya yoxdur. Ona görə də əsas özünüz müşahidəçi olun. Əgər uşaq qarışıq qidalanırsa, eliminasion pəhriz etməklə tapmaq lazımdır. Məsələn, 3 gün ancaq bir növ qida vermək, sonra əlavə ərzaq artırmaq olar. Onu da 3 gün sınamaq lazımdır.
Niyə 3 gün gözləyirik? Çünki 72 saat müddətində allergiya verə biləcək zülallarla bədənimiz arasında reaksiya davam edir. Ona görə tez reaksiyalar kimi ləngimiş reaksiyalar da görə bilirik”.
Həkim yalançı allergik reaksiyadan da söz açıb:
“Digər məsələ yalançı allergik reaksiya və ya intoleranslıqdır (dözülməzlik). Yəni bəzi məhsulların artıqlığı allergiyaya oxşar reaksiya verir. Belə olanda allergik panel testi heç lazım deyil. Uşaq şirniyyatı, çörəyi, makaronu, buğda məhsullarını, sitrus meyvələrini və s. çox yeyirsə, onda uzun çəkən öskürək, burun axma, dəridə qaşınmalar, selikli ishal, qarında ağrılar müşahidə edilə bilər. Çox yediklərini ilk aylarda kəsirik ki, əlamətlər keçsin, sonra az -az daxil edirik. Həqiqi allergiyada isə həmişəlik kəsirik.
Başqa bir məsələ isə az da yesək, yalançı allergik reaksiya görməyimizdir. Bu, artıq immun konfliktdir”.
Billurə Yunus