AZ

Çinlə vizasız gediş-gəliş başladı - bizi nələr gözləyir...


Ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanla Çin arasında viza rejimi ləğv edilib. Prezident bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i təsdiqləyib.

Maraqlıdır, Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ölkəmizin iqtisadiyyatına və turizm sektoruna necə təsir edəcək?

Vüqar Bayramov: “Azərbaycanla Çin arasında viza rejiminin ləğvi iki ölkə arasında turizmin inkişafına və qarşılıqlı turist səfərlərinə birbaşa müsbət təsir edəcək

Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycanla Çin arasında viza rejiminin ləğvi iki ölkə arasında turizmin inkişafına və qarşılıqlı turist səfərlərinə birbaşa müsbət təsir edəcək: “Məlumat üçün deyim ki, 2024-cü ildə Çindən Azərbaycana gələn turistlərin sayında 1,9 dəfə artım qeydə alınıb. Ötən il Çindən Azərbaycana 45 minə yaxın turist gəlib, Azərbaycandan Çinə gedən turistlərin sayında da artım var. Bir tərəfdən Bakı və Pekin arasında birbaşa hava nəqliyyatı əlaqəsi qurulub. Bu da turizm səfərlərinə müsbət təsir göstərir. Viza rejiminin ləğv edilməsi həm Çindən Azərbaycana, həm də Azərbaycandan Çinə gedən turistlərin sayının artmasına gətirib çıxardacaq. Viza rejiminin ləğv edilməsi iki ölkə arasında iqtisadi əlaqələrə də təsir göstərəcək. Viza rejimi olmayan ölkələr arasında ticari-iqtisadi əlaqələr daha çox inkişaf edir”.

Ramin Qafarov: “Çinli turistlərin sayının artması turizmin inkişafı baxımından olduqca əhəmiyyətlidir”

Turizm sahəsi üzrə ekspert Ramin Qafarov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qarşılıqlı vizasız gediş-gəliş haqqında saziş ölkə turizminin inkişafına səbəb olacaq: “Turist axınının artması ilə otellər, restoranlar, nəqliyyat şirkətləri və bələdçilər üçün gəlirli imkanlar yaranacaq. Nəzərə almaq lazımdır ki, Çin dünyanın ən böyük turizm ixracatçısıdır. Çinli turistlərin sayının artması turizmin inkişafı baxımından olduqca əhəmiyyətlidir.Bu qərar tək Azərbaycan–Çin münasibətlərinin dərinləşməsinə deyil, eyni zamanda Bakının Asiya ölkələri ilə strateji tərəfdaşlığının inkişafına səbəb olacaq”.

Günel CƏLİLOVA

Seçilən
51
baki-xeber.com

1Mənbələr