Əli Mustafa: “Burda hansısa xüsusi intensiv əməkdaşlıqdan söhbət gedə bilməz”
Bakıda Azərbaycan və Kanada xarici işlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, davamlı siyasi dialoqun təşviqi məqsədilə qarşılıqlı səfərlər və beynəlxalq tədbirlər çərçivəsində təmasların önəmi vurğulanıb.
İkitərəfli münasibətlərdə gərginlik yaradan məqamlardan və addımlardan çəkinilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. İqtisadi sahədə əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsinin artırılması, habelə enerji, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
Görüşdə, həmçinin, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi və bu prosesə mane olan amillər, davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, eləcə də işğaldan azad edilmiş ərazilərimizdəki mina problemi və orada həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.
O da məlumdur ki, Kanadanın əvvəlki baş naziri Castin Trüdo bir nömrəli ermənipərəst olduğu üçün iki ölkə münasibətləri gərgin idi. Hesab etmək olarmı ki, Kanadanın yeni hakimiyyəti Azərbaycanla bağlı bu səhv siyasətə artıq son qoyur?
“Bütün bunların fonunda, əlbəttə, Kanada-Azərbaycan əməkdaşlığının yeni mərhələyə keçdiyini deyə bilərik”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi şərhçi Əli Mustafanın fikrincə, Kanada kimi böyük bir ölkə ilə münasibətləri yoluna qoymaq vacibdir: “Kanada inkişaf etmiş ölkədir və ərazisinə görə dünyada ikinci dövlətdir. Eyni zamanda Kanada dünyanın 7 ən böyük sənaye dövlətindən biridir. Nə qədər olmasa da Kanada Böyük Britaniyanın bir hissəsi hesab edilir. Nəzərə alsaq ki, Böyük Britaniya ilə Azərbaycanın dostluq münasibətləri kifayət qədər dərindir, o baxımdan bunun Kanadaya da bir formada sirayət etdiyini düşünə bilərik. Ancaq təbii ki, Kanadada baş nazirin dəyişməsi, yeni hakimiyyətin formalaşması, son vaxtlar Trampın bu ölkəyə qarşı bir sıra şərtlərinin olması və s. kimi məsələlər var. Bütün bunların fonunda, əlbəttə, Kanada-Azərbaycan əməkdaşlığının yeni mərhələyə keçdiyini deyə bilərik. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycan-Ermənistan münasibətləri də əvvəlki qədər kəskin deyil, bir əməkdaşlıq ab-havası var. Ermənilər də anlayır ki, nəhayət Azərbaycanla, Türkiyə ilə dil tapmaq lazımdır. Bu baxımdan düşünürəm ki, onlar da əslində Kanada-Azərbaycan münasibətlərinin korlanmasında o qədər də maraqlı deyillər. Düzdür, Azərbaycanla Kanada kifayət qədər uzaq məsafələrdə yerləşirlər. Burda hansısa xüsusi intensiv əməkdaşlıqdan söhbət gedə bilməz. Ancaq bütün hallarda münasibətlərin normallaşması və əməkdaşlıq ab-havasının yaranmasını ehtimal edə bilərik”.
Vidadi ORDAHALLI