BAKI, TurkicWorld
Suriya, İsrail ordusunun Dəməşq vilayətinin Qətna bölgəsində yerləşən Beyt Cin kəndinə daxil olaraq yeddi nəfəri girov götürməsi və bir mülki şəxsi öldürməsini pisləyib.
TurkicWorld xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyinin verdiyi rəsmi açıqlamada bildirilib.
“İsrailin bu təxribatları, Suriyanın suverenliyinin və beynəlxalq hüquq normalarının açıq şəkildə pozulmasıdır. Bu kimi addımlar bölgəyə sabitlik deyil, daha çox gərginlik və xaos gətirəcək” - deyə, açıqlamada qeyd olunub.
Digər tərəfdən, İsrail ordusu açıqlamasında bildirib ki, saxlanılan şəxslər HƏMAS-la əlaqəlidirlər və İsrailə qarşı hücumlar planlaşdırırdılar.
Qeyd edək ki, bu gün İsrail ordusuna məxsus hərbi qüvvələr — tanklar, zirehli nəqliyyat vasitələri və piyadalar, pilotsuz kəşfiyyat təyyarələrinin dəstəyi ilə Beyt Cin kəndinə daxil olub. Hücum nəticəsində yeddi nəfər girov götürülüb, bir mülki şəxs isə açılan atəş nəticəsində həlak olub. Girovlar işğal altındakı ərazilərə aparılıb və onların taleyi hələ də naməlumdur.