AZ

Azərbaycanın Gürcüstanda 2 dəfə artırdığı sərmayə azad rayonlarımıza qoyula bilməz?...


Rəşad Hümbətov: "Gürcüstan iqtisadiyyatının qlobal iqtisadiyyata inteqrasiyasında liberal meylləri bizim investorlar fürsətə çevirməyə çalışırlar"

Bu ilin birinci rübündə Azərbaycanın Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 25 milyon ABŞ dolları təşkil edib. Bu barədə Gürcüstan Milli Statistika Xidmətinin hesabatında qeyd olunur.

2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana investisiya qoyuluşu 12,7 milyon ABŞ dolları təşkil edib. Beləliklə, Azərbaycan 2025-ci ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına investisiyaları 96,8 % artırıb.

Qurumun məlumatına görə, hesabat dövründə Azərbaycan 13,9% payla Gürcüstan iqtisadiyyatına sərmayə yatıran beşinci investor olub.

2024-cü ildə Azərbaycandan Gürcüstana birbaşa investisiyalar 70,7 milyon ABŞ dolları təşkil edib.

Maraqlıdır, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün Azərbaycana milyardlarla investisiya lazım olduğu halda, nəyə görə biz Gürcüstana investisiya qoyuruq?

Məsələyə münasibət bildirən iqtusadçı Rəşad Həsənov baki-xeber.com-a bildirdi ki, bazar iqtisadiyyatı inkişaf etdikcə Azərbaycandan xarici ölkələrə investisiya qoyluşlarını müəyyən qədər təbii qəbul etmək lazımdır: "Ölkə iqtisadiyyatı işlənməyib, xam sahələr çoxdur, ciddi investisiyaya ehtiyac var. Xüsusilə işğaldan azad edilmiş ərazilərin biznes infrastrukturunun formalaşdırılması böyük həcmdə investisiya tələb edir. Belə bir şəraitdə ölkədən investisiya axını müəyyən narahatlıqlar doğurur. Amma paralel olaraq Azərbaycandan xarici ölkələrə investisiya qoyuluşlarının mövcudluğu da qəbul edilməlidir. Bu, biznesin təbii xüsusiyyətlərindən biridir, biznesin mahiyyətindən irəli gəlir. Hətta bir sıra hallarda Azərbaycandan xarici ölkələrə, o cümlədən də Gürcüstana investisiya qoyuluşu dövlət müəssisələri tərəfindən daha çox genişləndirilir. Azərbaycandan Gürcüstana, Türkiyəyə, Ukraynaya, İsveçə, Norveçə, Rusiyaya, Körfəz ölkələrinə, Birləşmiş Ərəb Əmirliklərinə və s. ölkələrə dövlət investisiyası yatırılır.

Gürcüstana investisiyaların yönəldilməsinin təbii xüsusiyyətləri var. Çünki bu ölkə coğrafi baxımdan Azərbaycana kifayət qədər yaxındır, bizimlə birbaşa şərhədi və inteqrasiyası olan iqtisadiyyatdır. Burada istehsal edilən mal və xidmətin Azərbaycana ixrac edilməsi imkanları genişdir. Azərbaycanlı investorlar Gürcüstan iqtisadiyyatının imkanlarından da yararlanırlar.

Gürcüstan iqtisadiyyatının qlobal iqtisadiyyata inteqrasiyasında liberal meylləri bizim investorlar fürsətə çevirməyə çalışırlar. Buradan Avropa Birliyi və digər ölkələrə ixrac imkanları daha genişdir. Xüsusilə nəzərə alsaq ki, birbaşa okeanla əlaqəsi olan dəniz çıxışının olması ixrac xərclərinin optimallaşdırılmasında əsas rol oynayır. Amma son illər Gürcüstan iqtisadiyyatında investisyalar enerji və tikinti sektoruna yönlədilir. Bu da həm bazarın bir qədər inkişaf etməsi, həm də biznes mühitinin inkişaf etdirilməsi səbəbindən cəlbediciliyin artması ilə bağlıdır.

O ki qaldı işğaldan azad edilmiş ərazilərə münasibətdə bu qədər böyük investisiyanın tələb edildiyi şərtlər daxilində Azərbaycandan xaricə investisiya axını məsələsinə, əlbəttə, bu müəyyən qədər hazırkı konyunkturdan da asılıdır. Çunki işğaldan azad edilmiş ərazilərin iqtisadiyyatına özəl investisiyanın yönəlməsi ilə bağlı imkanlar məhdud, çərçivələr sərtdir. Bunun fundamental səbəbləri var. Bura bölgənin məskunlaşmaması, torpaq üzərində mülkiyyət hüququnun müəyyənləşməməsi, xidmət və ticarət sektorunda bazarın çox kiçik olması, təhlükəsizlik tədbirlərinin tam başa çatmaması, ərazinin silah-sursat qalıqlarından tam təmizlənməməsi, sülh müqaviləsinin hələ də bağlanmaması və s. daxildir. Bunlar bir tərəfdən meylləri məhdudlaşdıran, digər tərəfdən mövcud təşəbbüslərin qarşısını alan faktorlar kimi qiymətləndirilir.

Azərbaycan iqtisadiyyatında mövcud olan biznes mühiti çox sərt və radikal formadadır. Baxmayaraq ki, işğaldan azad olunmuş ərazilərdə biznesə münasibətdə ciddi güzəştlər təklif edilir, 10 il müddətində fiskal güzəştlər, o cumlədən vergi və gömrük rüsumlarından güzəştlər nəzərdə tutulur.

Eyni zamanda, maliyyə azadlığının təmin edilməsi ilə bağlı mexanizmlər var. Amma bir qədər əvvəl sadaladığımız amillər bu təşviqlərin cazibəsini zəiflədir.

Ümumiləşdirsək, rüblük indikatorların təhlili nəticəsində ümumi iqtisadi tendensiyaya rəy verilməsi doğru deyil. Çunki çox da böyük olmayan rəqəmlərdən söhbət gedir. Belə göstəricilər hər hansı bir şirkətin, məsələn Gürcüstan bazarında Azərbaycanın ən iri investorlarından hesab edilən dövlət müəssisəsi - SOCAR-ın layihələri çərçivəsində həyata keçirilən hər hansi bir aktin da təsiri altında formalaşa bilir. Amma bununla belə, trend olaraq onu da qeyd etmək lazımdır ki, sadaladığımız amillər səbəbindən bir tərəfdən investisiyanın xaricə bu cür axını təbii qəbul olunmalıdır. Çunki bu, ümumi milli gəlirin artırılması istiqamətində əlavə imkanlar formalaşdırır. Digər tərəfdən, bu resursların xaricə axması işğaldan azad edilmiş ərazilərin, o cumlədən işlənməmiş, xam iqtisadiyyat sayılan Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi kimi siyasətlərin maliyyə təminatını zəiflədir".

Deniz NƏSİRLİ

Seçilən
45
baki-xeber.com

1Mənbələr