BAKI, 12 iyun. TELEQRAF
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişiklik olunması ilə bağlı qanun layihəsi Azərbaycan Milli Məclisinə göndərilib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, layihə ilə bağlı müzakirələr yekunlaşıb.
Qanun layihəsi Naxçıvan Ali Məclisinin iclaslarında müzakirə olunub, səsverməyə qoyularaq qəbul edilib. Daha sonra Ali Məclis sədrinin birinci müavini (sədrin səlahiyyətlərini icra edir - red.) Bəxtiyar Məmmədov layihəni imzalayıb və Azərbaycan parlamentinə təqdim edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorundən Teleqraf-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyiblər.
Xatırladaq ki, bu il fevralın 20-də “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Qanun layihəsinə dair Ali Məclisin ilk iclası keçirilib. Mayın 21-də keçirilən iclasda isə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Qanun layihəsi ikinci oxunuşda səsverməyə çıxarılıb və qəbul olunub.