AZ

18 iyun Azərbaycanda insan hüquqlarını müdafiə günüdür - 27 illik tarix...


İnsan hüquq və azadlıqlarının təmin olunması və müdafiəsi müasir dövrün qlobal çağırışlarından biri kimi çıxış edir. Bu prinsip, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılmasının əsas sütunlarından biri olmaqla, hər bir dövlətin hüquq sistemində prioritet istiqamət kimi qəbul olunur.

Azərbaycan da insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində sistemli, ardıcıl tədbirlər həyata keçirir və bu prosesin davamlı xarakter alması istiqamətində müvafiq addımlar atır.

Azərbaycan insan hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq konvensiyaların fəal üzvüdür

Məlumdiur ki, bir neçə gündən sonra ölkəmizdə insan hüquqları günü qeyd olunacaq. Xatırladaq ki, 18 iyun Azərbaycanda İnsan hüquqları günü kimi qeyd olunur. Belə ki, prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq həmin gün ölkəmizdə insan hüquqları günü kimi təsis edilib.

O da bəlli faktdır ki, beynəlxalq hüquqda insan hüquqlarını təsdiqləyən ən mötəbər və mühüm sənəd BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsidir. Bəyannamədə bir vacib məqama da diqqət çəkilərək deyilir: "Hər bir insan onun mənsub olduğu irqindən, cinsindən, dilindən, dinindən, siyasi və digər baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən, doğum və digər hallarından asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir". Ölkəmiz hələ 2001-ci ildə "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulub. Bununla da İnsan Hüquqları haqqında Ümumi Bəyannaməyə Azərbaycan da qoşularaq sözügedən istiqamətdə genişmiqyaslı fəaliiyətində daha bir mühüm addım atıb. Bundan əlavə, Azərbaycan insan hüquqlarının qorunması sahəsində mühüm beynəlxalq sənədlərə, o cümlədən BMT Baş Məclisi tərəfindən qəbul edilən “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan davranış və cəza növünə qarşı” Konvensiyaya qoşulub. Nəticədə Azərbaycan insan hüquqları sahəsində ciddi addımlar atıb və beynəlxalq hüquq normalarına uyğun qanunvericilik bazası formalaşdırıb.Ölkəmizdə insan hüquqlarının qorunması və inkişafı istiqamətində həyata keçirilən islahatlar, qəbul olunan normativ hüquqi aktlar və yaradılan institusional mexanizmlər bu sahədə aparılan işlərə verilən əhəmiyyətini göstərir. Artıq bəllidir ki, Azərbaycan Konstitusiyası insan hüquq və azadlıqlarının təminatçısı kimi çıxış edir. 1995-ci ildə qəbul olunan konstitusiyada insan hüquqları və azadlıqları geniş şəkildə təsbit olunub. Konstitusiyanın 12-ci maddəsində dövlətin ali məqsədinin insan hüquq və azadlıqlarının təmin edilməsi olduğu açıq şəkildə qeyd olunur. Bu prinsip ölkənin bütün hüquqi və inzibati sisteminin əsasını təşkil edir. O da faktdır ki, Azərbaycanda insan hüquqları sahəsində mühüm addımlardan biri də 2002-ci ildə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) institutunun yaradılması oldu. Ombudsman institutu vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində mühüm rol oynayır, daxil olan müraciətləri araşdırır və pozulmuş hüquqların bərpası istiqamətində tədbirlər görür. Bununla yanaşı, ombudsman digər istiqamətlərdə də mühüm addım atır. Məsələn, İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva bu günlərdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandiyə vaxtilə Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdış hüququ ilə bağlı məktub ünvanlayıb., Ombudsman məktubda beynəlxalq hüquqa zidd olaraq, azərbaycanlıların indiki Ermənistan ərazisindən etnik təmizləmə siyasəti nəticəsində müxtəlif dövrlərdə sistemli şəkildə deportasiya olunduqları barədə məlumat verib. Qeyd olunub ki, bir sıra beynəlxalq hüquqi sənədlərdə, o cümlədən BMT Baş Assambleyasının 194 saylı qətnaməsində insanların qayıdış hüququ fundamental insan hüququ kimi tanınır və hər bir fərdin öz vətəninə geri dönmək hüququ var. Eyni zamanda, beynəlxalq hüququn ümumi prinsiplərinə əsasən qayıdış hüququnun yalnız öz torpaqlarından zorla qovulmuş şəxslərə aid edilmədiyi, eləcə də onların ailə üzvləri və gələcək nəsillərinin də bu hüquqdan istifadə etməsinin, dəymiş maddi və mənəvi zərərə görə kompensasiya tələb etmə hüququnun tanındığı vurğulanıb.Müvəkkil Filippo Qrandiyə ünvanladığı məktubda onun mandatı çərçivəsində tarixi torpaqlarından zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnun beynəlxalq səviyyədə tanınması və bu məsələnin qlobal insan hüquqları gündəminə çıxarılması üçün fəal təşəbbüslərlə çıxış etməsinin vacibliyini diqqətə çatdırıb. Onu da bildirək ki, Azərbaycan digər bir sıra beynəlxalq insan hüquqları müqavilələrinə qoşulub.Bura Uşaq Hüquqları Konvensiyası, Qadınlara Qarşı Ayrı-seçkiliyin Aradan Qaldırılması Konvensiyası və digər sənədlər daxildir.

Maarifləndirmə işləri ön plandadır

Bu gün ölkədə hüquqi maarifləndirmə işi də geniş şəkildə həyata keçirilir. Ədliyyə Nazirliyi, Ombudsman Aparatı, QHT-lər və digər qurumlar əhali arasında insan hüquqları ilə bağlı məlumatlandırma kampaniyaları, təlimlər və seminarlar təşkil edir. Xüsusilə qadınların hüquqlarının qorunması, məişət zorakılığına qarşı mübarizə, uşaq hüquqları və azad seçki hüququ kimi sahələrdə maarifləndirmə işləri intensivləşdirilib.Son illərdə elektron hökumət xidmətlərinin inkişafı da insan hüquqlarının təmininə müsbət təsir göstərib.Məsələn, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə, vətəndaşların dövlət orqanlarına elektron müraciət imkanlarının yaradılması hüquqların daha effektiv müdafiəsinə şərait yaradır. Azərbaycanda məhkəmə-hüquq islahatları da bu sahədə mühüm rol oynayır. Məhkəmələrin müstəqilliyinin artırılması, hakimlərin şəffaf seçimi, elektron məhkəmə sisteminin tətbiqi və hüquqi yardım xidmətlərinin genişləndirilməsi vətəndaşların hüquqlarının daha ədalətli və operativ şəkildə təmin olunmasına xidmət edir. Qeyri-hökumət təşkilatlarının fəaliyyəti də insan hüquqlarının müdafiəsində mühüm rol oynayır. Bu təşkilatlar müxtəlif sosial qrupların – qadınların, uşaqların, əlillərin və digər həssas təbəqələrin hüquqlarının qorunması ilə bağlı layihələr həyata keçirir, ictimai nəzarətin təmin olunmasına yardım edir. Bununla yanaşı, media və sosial şəbəkələr də insan hüquqları məsələlərinin ictimailəşdirilməsi və pozuntulara qarşı ictimai reaksiyanın formalaşdırılması baxımından mühüm vasitəyə çevrilib. Nəticə etibarilə, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahədə ciddi irəliləyişlər əldə olunub. Lakin bu, daim dinamik inkişaf tələb edən sahədir və davamlı islahatlar, ictimai iştirakçılıq və beynəlxalq əməkdaşlıq bu prosesin dayanıqlı və effektiv olmasına zəmin yaradır. Elə Azərbaycan da bu məsələyə xüsusi diqqət edir və müvafiq addımlar atır.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
38
baki-xeber.com

1Mənbələr