BAKI. 12 iyun. TELEQRAF
Türkiyə təmsilçisi "Qalatasaray"la müqavilə bağlayan futbolçu Leroy Sane Almaniya "Bavariya"sının heyətində klublararası dünya çempionatına qatılacaq.
Teleqraf "Sky Sports"a istinadən xəbər verir ki, 29 yaşlı cinah yarımmüdafiəçisi Münhen komandasında iyunun 30-dək forma geyinəcək.
Klub hətta növbəti mərhələyə yüksəlsə belə, Sane kollektivi tərk edəcək. O, mundialın keçiriləcəyi ABŞ-a iyunun 13-də yollanacaq.
"Bavariya" iyunun 15-də "Oklend Siti" (Yeni Zelandiya), iyunun 21-də "Boka Xuniors" (Argentina), iyunun 24-də "Benfika" (Portuqaliya) ilə qarşılaşacaq. 28 - 30 iyunda isə 1/8 final görüşləri keçiriləcək.
Qeyd edək ki, Leroy Sane "Qalatasaray"la bu gün 3 illik müqavilə bağlayıb. O, 2024/2025 mövsümündə "Bavariya"nın heyətində 30 oyuna 11 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Sanenin aktivində Çempionlar Liqasında 13 oyun və 1 qol da var.