İllərdir kosmik buraxılışlar və peyk interneti sahəsində hökmranlıq edən "SpaceX" şirkəti artıq ciddi rəqabətlə üz-üzədir.
Valyuta.az xəbər verir ki. Amerika startapı olan "SpinLaunch" həm peyk rabitəsi sahəsində, həm də kosmosa yük göndərməkdə yeni yanaşmalar təqdim edərək "Starlink"i geridə qoymaq niyyətindədir. Əgər bu vədlər reallaşsa, kosmosun tədqiqində əsl inqilab baş verə bilər.
"JasonDeegan" texnoportalı xəbər verir ki, "SpinLaunch" yaxın vaxtlarda bir buraxılışla 250 mikropeyki orbitə çıxarmağı planlaşdırır. Bu, 2021-ci ildə "SpaceX"in 143 peyk ilə vurduğu dünya rekordunu keçmək deməkdir. Startap "Meridian" adlı yeni peyk qrupunun yaradılacağını və bu sistemin "Starlink"i kölgədə qoyacağını iddia edir.
"SpinLaunch" bu məqsədə "NanoAvionics" və "Kongsberg Defense & Aerospace" kimi sahə üzrə tərəfdaşlarla birlikdə çatmağa çalışır. Şirkət peyk rabitəsində əsaslı dönüş yaratmaq istəyir və özünü bu sahənin gələcək əsas oyunçularından biri kimi təqdim edir.
Ən diqqətçəkən məqam isə odur ki, "SpinLaunch" peykləri kosmosa adi raketlərlə deyil, nəhəng bir sentrifuqadan istifadə edərək "atmaq" niyyətindədir. Bu üsul nəzəri baxımdan həm iqtisadi baxımdan daha sərfəlidir, həm də ətraf mühitə daha az zərər vurur.
Lakin şirkət ilkin mərhələdə sentrifuqa texnologiyasına tam keçid etməyəcək. "SpinLaunch" ilk peykləri kosmosa ənənəvi raketlərlə göndərəcək. Bu qərar kosmik texnologiya mütəxəssisləri arasında suallar doğursa da, şirkət bunu praktiki bir addım kimi dəyərləndirir: məqsəd "Meridian" peyk sisteminin qurulmasını sürətləndirməkdir, sentrifuqa isə hələ təkmilləşdirilməkdədir.
"JasonDeegan" yazır: “'Meridian' peyk sisteminin uğuru daha səmərəli və əlçatan kosmik buraxılışların yeni dövrünün başlanğıcı ola bilər – istər şirkətlər, istərsə də ölkələr üçün”. Bununla belə, texnoloji vədələrin reallığa çevrilib-çevrilməyəcəyini yalnız zaman göstərəcək.
Paşa Məmmədli