Çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycanda milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, multikultural həyat tərzinin daha da möhkəmlənməsi üçün böyük işlər görülüb və görülür. Ölkəmizin tolerantlıq modeli dünyanın bir çox mərkəzində, media müstəvisində diqqət mərkəzindədir.
İndi hətta ermənilər də etiraf edir ki, tolerantlıq Azərbaycanın dünyada təbliğatının və ölkəmizin beynəlxalq imicinin formalaşdırılmasının əsas komponentlərindən biridir. Bu fonda Azərbaycanda milli və dini tolerantlığın təbliği üçün müxtəlif platformalarda tədbirlər təşkil edilir, kitablar nəşr olunur, məqalələr işıq üzü görür. Məsələyə toxunan Geqard Elmi və Analitik Fondu qeyd edir: “Bu yaxınlarda “The American Spectator” və “The Christian Post” beynəlxalq auditoriya üçün nəzərdə tutulmuş iki məqalə dərc ediblər – “Sivilizasiyaların kəsişməsində olan füsunkar millət” və “Səyahət: Hər şeyin qovşağında az tanınan ölkə olan Azərbaycana səfər”. “American Spectator”Azərbaycanı sivilizasiyaların kəsişməsində, “The Christian Post” isə hər şeyin kəsişməsində yerləşən ölkə kimi təsvir edir. “The Christian Post” Azərbaycanı “Rusiya, Xəzər dənizi və İran arasında sıxışdırılmış tolerantlıq adası”, “The American Spectator” isə İran, Ermənistan, Gürcüstan və Türkiyə arasında yerləşən tolerantlıq adası kimi təsvir edir. Müəlliflərin fikrincə, Şərq və Qərbin qarışığı turistlər üçün tanış olmayan yerdir. “The American Spectator” qeyd edir ki, “Azərbaycan axşam xəbərlərinin əsas mövzusu olmaya bilər”, “The Christian Post” isə bunu belə ifadə edir: “Bu köşə oxucuları da daxil olmaqla, bir çoxunun xəritədə belə tapa bilməyəcəyi az tanınan Azərbaycandır”. Amma burada tolerantlıq dünya üçün nümunədir. Həqiqətən də ölkəmizdə multikulturalizm siyasəti həmrəyliyi təmin edir, eyni zamanda, Azərbaycanın dünyada tolerantlıq və mədəni müxtəliflik simvolu kimi tanınmasına imkan yaradır. Bu siyasət yalnız sözlə deyil, real addımlar və davamlı proqramlarla həyata keçirilir, ölkənin gələcək inkişaf strategiyasında da mühüm yer tutur. Bunların dünyada alqışlanması Ermənistanda ciddi qısqanclıq yaradır. Təsadüfi deyil ki, “The American Spectator” və “The Christian Post” tərəfindən dərc edilən yazılar Ermənistanda ciddi təlaş yaradıb. Özü də həmin yazılarda Ermənistan mənfi tərəfdən göstərilir. “The American Spectator” yazır ki, “Qarabağ uğrunda ikinci müharibəyə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin böyük bir hissəsini işğal edən Ermənistan başladı və minaları müdafiə üçün deyil, azərbaycanlı köçkün ailələrinin geri qayıtmasının qarşısını almaq üçün yerləşdirən Ermənistan idi”. “The Christian Post” qeyd edir ki, Ermənistan hələ də sülh üçün problem yaradır: “Bütün erməni məsələsi mürəkkəbdir, lakin ümid edək ki, sülh sazişi problemi həll edəcək, əgər Ermənistan Vladimir Putinin orbitindən çıxmaq istəsə.” Niyə sülhün olmadığını və ya bu yaxınlarda müharibənin niyə olduğunu anlamaq üçün müəllif qeyd edir ki prezident İlham Əliyevin çıxışlarını oxumaq kifayətdir.
Bunlar fonunda “nyus.am” portalı həmin nəşrlərə istinadən yazır ki, Azərbaycanın tolerantlıq dəyərini vurğulamaq üçün İran faktoruna da toxunulur. “The Christian Post” yazır: “Azərbaycanda yüksək tolerantlıq var, xüsusən də İran və onun İslam rejimi ilə həmsərhəd olduğunu nəzərə alsaq, bu, çox mühümdür. “The American Spectator” qeyd edir: “İranla qonşu olan dünyəvi, qərbyönlü, enerji ilə zəngin Azərbaycan dövləti regional təhlükəsizlik və ABŞ-ın geosiyasi maraqlarında əsas rol oynayır”. “Nyus.am” məsələnim bu hissəsini belə qələmə verməyə can atır: “Aydındır ki, Azərbaycan özünü İrana qarşı çıxan qüvvələrin potensial müttəfiqi kimi göstərməkdə davam edir. Bakının uzunmüddətli hədəfi İranın şimal-qərbindəki türkdilli bölgələrə qarşı ərazi iddialarıdır”. Erməni nəşri yazır: “İlham Əliyev müxtəlif tərzdə təkrar etməyi xoşlayır: “Multikulturalizm və tolerantlıq bizim üçün təkcə həyat tərzi deyil, həm də Azərbaycan siyasətinin prioritetidir”. Eyni fikri yuxarıda adı çəkilən məqalələrin müəllifləri də ifadə edirlər: Corc Landrith yazır ki, “bu, təkcə dövlət siyasəti deyil, milli mənəvi xarakterin bir hissəsidir” və digər müəllif Denis Lennoks bunu belə formalaşdırır: “Azərbaycanlıların mədəniyyətinə tolerantlıq və müxtəliflik hopub”. Məqalə müəllifləri tolerantlığın və multikulturalizmin sübutu kimi Azərbaycanda yəhudi icmasının mövcudluğunu göstərirlər. Lennoks yazır: “Bunun sübutu Azərbaycanda möhkəm oturuşmuş yəhudi əhalisidir”. Lendrith qeyd edir: “Yəhudilər Azərbaycanda 2000 ildən çoxdur yaşayırlar və inkişaf etməkdə davam edirlər”. Ümumiyyətlə, bu gün Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Azərbaycanda müxtəlif dinlərə və millətlərə mənsub olan xalqların nəinki hüquq və azadlıqları təmin olunur, hətta onlara dövlət büdcəsindən yardımlar da göstərilir. Bu mənada Azərbaycan dünyada unikal bir nümunədir. O da faktdır ki, tolerantlıq və multikultural dəyərlər ölkəmizin dini, mədəni və milli zəmində müəyyən xarici təhdid və təhlükələrdən sığortalanması və suverenliyinin qorunması üçün böyük əhəmiyyət kəsb edir.
Ramil QULİYEV