AZ

''Fənərbaxça''da şok: Acun Ilıcalı istefa verdi!

İyunun 11-də ''Qalatasaray'' Leroy Sane ilə anlaşaraq bu yayın ilk transferini reallaşdırdısa, İstanbulun digər nəhəngi ''Fənərbaxça''da şok bir ayrılıq baş verdi.

Belə ki, ötən ilin yayından klubda vitse-prezident vəzifəsini icra edən və başqan Əli Koçun sağ əli hesab olunan Acun Ilıcalı istefa verdiyini açıqladı!

"Football-plus.az" xəbər verir ki, Türkiyənin ən tanınmış və zəngin şəxslərindən olan Ilıcalı bu qərarını öz səhifəsində rəsmən ictimaiyyətə açıqlayıb. O, Koç da daxil olmaqla bu müddətdə birlikdə çalışdığı hər kəsə, eləcə də futbolçulara və fanatlara təşəkkürünü bildirib. ''Fənər''in rəsmi saytında isə Əli Koçun vida mesajı yerləşdirilib.

Bu sürpriz istefanın dəqiq səbəbi bəlli deyil və çox güman da heç vaxt mətbuata açıqlanmayacaq.

İstefanın Sanenin ''Qalatasaray''a gəlişi ilə də əlaqəsi ola bilər. Çünki bu futbolçuya ''Fənərbaxça'' da ciddi maraq göstərirdi.

Bəzi mənbələr isə iddia edir ki, istefa ''Fənər''in Joze Mourinyo ilə yola davam etməsi üzündən reallaşıb.

Türkiyə mətbuatının yazdığına inansaq, Acun Ilıcalının yerinə vitse-prezidenti vəzifəsinə Hakan Safi gətiriləcək. ''Fənər''in idarə heyətinin üzvü olan 52 yaşlı Safi Türkiyənin ən zəngin iş adamlarından biridi.

''Forbes Türkiyə''nın məlumatına görə Safi hazırda ''ən zəngin 100 türk'' siyahısında 61-ci pillədədi.

Seçilən
41
football-plus.az

1Mənbələr