AZ

Fransada azyaşlı cinayətkarlara qarşı qanun sərtləşir

Fransada yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti ilə bağlı yeni qanun layihəsi hazırlanır.

 

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Fransa Senatı keçmiş baş nazir Qabriel Attalın təşəbbüsü ilə təqdim olunan və yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlıqla mübarizəyə yönəlmiş qanun layihəsinə baxmağa hazırlaşır. Layihə, uşaqları qarşısında qanuni öhdəliklərini yerinə yetirməyən valideynlərə qarşı daha sərt cəzalar nəzərdə tutur və yeniyetmələrin təkrar cinayət məsuliyyətinə cəlb olunmasına imkan verəcək hüquqi dəyişiklikləri əhatə edir.

 

Yeni qanun layihəsi valideynlər üçün mövcud iki il həbs və 30 min avro cərimə cəzasını üç il həbs və 45 min avro cəriməyə qədər artırmağı təklif edir. Hakimlər, həmçinin valideynləri ictimai işlərə cəlb edə biləcəklər. Layihə 16 yaşdan yuxarı şəxslərin daha sürətli məhkəmə prosesi ilə cəzalandırılmasını da nəzərdə tutur.

 

Qabriel Attal bu təşəbbüsə 2023-cü ilin yayında baş verən, azyaşlıların da iştirak etdiyi iğtişaşları əsas göstərib. Lakin Fransa Hüquq Müdafiəçisi qanun layihəsinin Uşaq Hüquqları üzrə Beynəlxalq Konvensiya da daxil olmaqla, ölkənin bir sıra beynəlxalq öhdəliklərinə zidd ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Seçilən
47
azedu.az

1Mənbələr