AZ

Enerjiyə tam müstəqillik - Almanlar yeni cihaz yaratdı

İllərdir insanların arzusunda olduğu enerjiyə tam müstəqillik artıq reallığa çevrilmək üzrədir. Almaniyanın SMA şirkətinin təqdim etdiyi yeni nəsil cihaz - "Sunny Boy Smart Energy" invertoru günəş enerjisinə sərmayə qoyan ev sahiblərinə enerji müstəqilliyi vəd edir.

Valyuta.az xəbər verir ki, "ECONews" portalının məlumatına görə, SMA şirkəti 2023-cü ildə Braziliyada bu birfazalı hibrid inverter modelini bazara çıxarıb. Məqsəd - günəş enerjisini yalnız istehsal etmək deyil, həm də onu səmərəli şəkildə idarə etmək və ehtiyatda saxlamaqdır.

"Sunny Boy Smart Energy" cihazı bir neçə mühüm texniki üstünlüyə malikdir. Əsas xüsusiyyətlərdən biri - iki MPPT izləyicisinin olmasıdır. Bu texnologiya, hətta damın müəyyən hissəsi kölgədə olduqda belə, enerji hasilatını maksimum dərəcədə artırmağa imkan verir. Cihaz eyni zamanda ShadeFix texnologiyasını dəstəkləyir ki, bu da çətin hava və işıqlandırma şəraitində günəş işığından maksimum istifadəni təmin edir.

İnverterin başqa bir üstünlüyü - aşağı işə düşmə gərginliyidir. Bu xüsusiyyət sistemin daha erkən işə düşməsinə və daha uzun müddət işləməsinə şərait yaradır.

Lakin cihazın əsas yeniliyi - ehtiyat enerji təminatı funksiyası və yüksək gərginlikli batareyalarla uyğunluğudur. Bu o deməkdir ki, evdə elektrik enerjisi kəsilərsə, "Sunny Boy Smart Energy" evdəki elektron qurğuların fəaliyyətini davam etdirə bilər.

Nəşrdə qeyd olunur ki, SMA şirkəti bununla kifayətlənməyərək gələcəkdə enerji müstəqilliyi üçün əlavə həllər təqdim etməyi planlaşdırır - o cümlədən elektrik avtomobilləri üçün şarj cihazları və enerji saxlama sistemləri. Bu, istifadəçilərə öz evlərində ayrıca və dayanıqlı bir enerji infrastrukturu qurmağa imkan verəcək.

Paşa Məmmədli

Seçilən
7
valyuta.az

1Mənbələr