Sloveniyanın köklü və iddialı klublarından olan ''Maribor''da yeni təyinat reallaşıb.
"Football-plus.az" xəbər verir ki, yeni mövsümdə qarşısına yalnız çempionluq hədəfi qoyan və Boştyan Tsezarla yollarını ayıran bu kollektiv gənc türkiyəli mütəxəssis Tuğberk Tanrıvermiş ilə anlaşıb.
Müqavilənin müddəti və digər detallar barədə məlumat yoxdu. Klubdan verilən rəsmi açıqlamada Tuğberk Tanrıvermişin cümə günündən etibarən yeni işinə başlayacağı qeyd olunub.
''Maribor''un türkiyəli məşqçi ilə anlaşması təsadüfi deyil. Sloveniyanın 16 qat çempionu olan və son zəfərini 2022-də əldə edən bu klubun səhmlərinin 74 faizi Acun Ilıcalıya məxsusdu! Yəni türkiyəli ünlü şoumen və iş adamı bu klubun ən böyük hissədarıdı. Tuğberk Tanrıvermiş isə nəhayət ki, ən yüksək səviyyədə özünü göstərə fürsəti yaxalayıb.
Daha öncə ''Qalatasaray''da Fatih Terimin köməkçisi kimi çalışmış 35 yaşlı Tanrıvermiş hələ 2018/19-da ''Roma''nın U-15 komandasını çempion etməklə diqqət çəkmişdi.
Sonrakı illərdə ''Roma''nın akademiyasında çalışmaqda davam edən, eləcə də ''Spetsiya''nın U-19 komandasını çalışdıran bu məşqçi 2024-cü ildə Avstriyaya yollandı. O, bu ölkənin 2-ci liqa təmsilçisi ''Sankt Pelten''i düşmə zonasında qəbul etsə də, uğurlu nəticələr əldə etməyi bacardı. Bu klub bu məşqçi ilə 19 rəsmi oyundan 11 qələbə, 5 heç-heçə, 3 məğlubiyyətlə ayrılaraq mövsümü 4-cü pillədə tamamladı. Bütün bu göstəriciləri nəzərə aldıqda Tuğberk Tanrıvermişin Sloveniyanın iddialı klubunda əldə edəcəyi nəticələr indidən böyük maraq doğurur.
Xatırladaq ki, digər gənc türkiyəli mütəxəssis Arda Turan də yeni mövsümdə Avropada çalışacaq. O artıq Ukrayna nəhəngi ''Şaxtyor''un baş məşqçisidi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta