AZ

“Hunqaroring”lə bağlı yenidənqurma işləri başa çatmaq üzrədir

Budapeşt, 13 iyun, AZƏRTAC

Macarıstanın 40-cı yubiley Qran-prisinə üç ay qalmış “Hunqaroring” (Budapeşt yaxınlığındakı Modorod qəsəbəsində yerləşən) yarış trasında aparılan yenidənqurma işləri yekun mərhələyə daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə trasın operatoru sosial şəbəkə paylaşımında bildirib. Yarışlar üçün hər şey demək olar ki, hazırdır.

Formula 1 üzrə Macarıstan Qran-prisi bu il 1–3 avqust tarixlərində keçiriləcək. Bu səbəbdən hazırkı işlər ən qısa zamanda başa çatdırılmalıdır. Yenidənqurma işləri isə 2026-cı ilə qədər tam yekunlaşdırılacaq.

Macarıstan Qran-prisi bu ilin 24-cü dünya çempionatının 14-cü həftəsonu yarışı olacaq.

Hazırda layihəyə yatırılan investisiyaların həcmi 78,9 milyard forint və ya təxminən 195 milyon avro təşkil edir. Bu vəsait əsas tribunalarda, idarəetmə binasında və paddokdan Super Gold tribunalarına keçidi təmin edən iki tuneldə yenilənmə işlərinə sərf olunur. Bütün bu işlər daha genişmiqyaslı 105 milyard forintlik (təxminən 260 milyon avro) ümumi yenidənqurma layihəsinin bir hissəsidir.

Trasın baş direktoru Jolt Dülay daha əvvəl bildirmişdi ki, yeni infrastruktur iyulun əvvəlində keçiriləcək “GT Open” yarışı zamanı ilk dəfə sınaqdan keçiriləcək.

Avqust ayında keçiriləcək həftəsonu yarışından sonra obyektdə yenidənqurma işlərinin növbəti mərhələsi başlayacaq. Bu işlər gələn il Macarıstan Qran-prisinə qədər tam başa çatdırılacaq.

Qeyd edək ki, “Hunqarorinq” trası Formula 1 rəhbərliyi ilə 2032-ci ilə qədər müqavilə imzalayıb. Bu isə azı səkkiz il ərzində burada yarışların davam edəcəyini təmin edir. Maraqlı məqam isə budur ki, Avropa traslarının əksəriyyəti ilə müqavilələr önümüzdəki üç il ərzində başa çatacaq. Hazırda bu baxımdan yalnız Avstriyanın “Red Bull Ring” trası və “Hunarorinq” istisna təşkil edir. Bu səbəbdən azarkeşlər Macarıstan trasının gələcəyi ilə bağlı narahatlığa əsas görmürlər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
12
1
azertag.az

2Mənbələr