İran mətbuatının məlumatına görə, İslam Respublikası rəhbərliyi İsrailin əsas hərbi və elmi obyektləri, o cümlədən "SEPAH" komandanlığı və bir sıra strateji nüvə obyektlərini məhv edən genişmiqyaslı hücumuna cavab olaraq tezliklə rəsmən müharibə vəziyyəti elan edəcək.
Moderator.az bu haqda "Mignews" nəşrinə istinadla xəbər verir.
İran Milli Təhlükəsizlik Şurasına yaxın mənbələrə görə, müvafiq bəyanat yaxın saatlarda, Tehranda keçirilən qapalı iclas başa çatdıqdan sonra verilə bilər.
İsrail son 24 saat ərzində Tehran, İsfahan, Natanz, Fordo, Qum və Təbrizə bir sıra hava və dəqiq zərbələr endirib. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Hüseyn Baqerinin, İslam İnqilabı Keşikçiləri Korpusunun ("SEPAH") komandiri Hüseyn Səlaminin, eləcə də ölkənin nüvə proqramı ilə bağlı iki yüksək rütbəli alimin ölümü təsdiqlənib.
Paralel olaraq, İsrail mətbuatının yazdığına görə, "Mossad" kəşfiyyat xidməti İran ərazisində raket sistemləri və hava hücumundan müdafiə ilə əlaqəli infrastrukturun məhv edilməsinə yönəlmiş bir sıra gizli əməliyyatlar həyata keçirib.
İran şəhərlərinin küçələrində hərbi mövcudluğun artması müşahidə edilib, bir sıra bölgələrdə hərəkətə məhdudiyyətlər qoyulub, qismən səfərbərlik elan edilib. Ölkənin hava məkanı mülki aviasiya üçün bağlı olaraq qalır.