Səudiyyə Ərəbistanı ilə birgə İnvestisiya Fondunun yaradacağı fürsətlər...
Azərbaycan Səudiyyə Ərəbistanı ilə birgə əldə olunan razılaşmaları reallığa çevirmək üçün ciddi şəkildə çalışır. Bu məqsədlə birgə investisiya fondunun yaradılması və hər iki ölkənin hüdudlarından kənarda investisiya layihələrinin həyata keçirilməsi təklif edilir. Bu fikirlər Azərbaycanın ər-Riyaddakı səfiri Şahin Abdullayevin Səudiyyə Ərəbistanının Londonda nəşr olunan “əş-Şarq əl-Avsət” qəzetinə müsahibəsində yer alıb.
Səfir deyib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun Səudiyyə Ərəbistanına son səfərində hər iki ölkənin iqtisadi gündəmində prioritet sahələrə sərmayə yatırmağı hədəfləyən birgə suveren investisiya fondunun yaradılması və üçüncü ölkələrdə də birgə investisiya layihələrinin həyata keçirilməsi təklifi irəli sürüb. Eyni zamanda müsahibədə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında investisiyaların qorunması üzrə imzalanmış müqavilənin əhəmiyyəti vurğulanır və Azərbaycanda azad iqtisadi zonalara sərmayə yatırmaq üçün səudiyyəli investorlara güzəştlərin təqdim olunduğu bildirilir.
Qeyd edək ki, Azərbaycanın Səudiyyə Ərəbistanı ilə birgə investisiya fəaliyyəti ötən ildən müzakirə olunmağa başlayıb. Ötən ilin oktyabrında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Səudiyyə Ərəbistanı Krallığında investisiya imkanlarının araşdırılması məqsədilə Hassana İnvestisiya Şirkəti ilə Anlaşma Memorandumu imzalayıb. Dövlət Neft Fondunun yaydığı məlumata görə, bu memorandum müştərək investisiyaların həyata keçirilməsi imkanlarını araşdırmağa imkan yaradaraq iki qurum arasında strateji əməkdaşlığın inkişafına töhfə verəcək.
ARDNF-nin icraçı direktoru İsrafil Məmmədov memorandumu yüksək qiymətləndirib: “Bu Anlaşma Memorandumu yalnız iki maliyyə qurumunun razılaşması deyil, eyni zamanda strateji investisiyalar və dayanıqlı inkişaf üçün ortaq məqsədlərə yönəlmiş tərəfdaşlığın başlanğıcıdır. Bu əməkdaşlıq ARDNF-nin "Vision 2030" strateji hədəfləri çərçivəsində əhəmiyyətli inkişaf və transformasiya dövründən keçən Səudiyyə Ərəbistanındakı investisiya strategiyası baxımından əhəmiyyətli bir mərhələdir. Biz Hassana ilə qarşılıqlı maraq doğuran layihələri müəyyən etmək və inkişaf etdirmək üçün birgə çalışmağa hazırıq".
Hassana İnvestisiya Şirkətinin rəhbəri Saad bin Abdulmohsen Al-Fadli bu tərəfdaşlığın Şirkəti üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Hər iki tərəfə Səudiyyə Ərəbistanının investisiya sektorundakı yeni imkanlardan faydalanmağa kömək edəcək bu memorandum sayəsində əməkdaşlığımız özəl səhm, daşınmaz əmlak və infrastruktur sahələrinə fokuslanaraq uzunmüddətli dəyər yaratmağı hədəfləyir”.
Hassana İnvestisiya Şirkəti Ümumi Sosial Sığorta Təşkilatının (GOSI) investisiya meneceri olaraq fəaliyyət göstərir. 1,2 trilyon Səudiyyə riyalı (320 milyard ABŞ dolları) dəyərində aktivləri və dünyanın ən böyük pensiya fondlarından birini idarə edən Hassana, yerli, regional eləcə də, qlobal investisiyalardan ibarət çoxşaxəli portfelə malikdir. Hassana bütün Səudiyyə nəsillərinin gələcək pensiya ehtiyaclarını qarşılamaq məqsədilə dayanıqlılıq prinsiplərinə əsaslanan strategiyası çərçivəsində uzunmüddətli investisiyalar həyata keçirir.
Bu fonddan başqa Səudiyyənin müasir texnologiyalara sərmayə yatıran digər qurumları da var.
Aprel 2025
Baş nazirin müavini Samir Şərifov iclasda çıxışı zamanı dövlət başçılarının müəyyən etdiyi strateji hədəflərə çatmaq istiqamətində atılan addımlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. O, Səudiyyə Ərəbistanı ilə münasibətlərin inkişafının Prezident İlham Əliyevin müəyyən etdiyi Azərbaycanın əsas xarici siyasət prioritetlərindən biri olduğunu vurğulayıb.
Energetika, yaşıl enerji və infrastruktur layihələri sahəsində əməkdaşlığa toxunan Baş nazirin müavini qeyd edib ki, “ACWA Power” şirkəti artıq Abşeron və Xızı rayonlarında 240 MVt gücündə külək elektrik stansiyası inşa edir. Həmçinin “ACWA Power”, SOCAR və BƏƏ-nin “Masdar” şirkəti Xəzər dənizində 3,5 qiqavat gücündə dəniz külək elektrik stansiyası layihəsi üzərində birgə işləyirlər. Bu təşəbbüs COP29 çərçivəsində imzalanmış üçtərəfli memorandum əsasında həyata keçirilir və Azərbaycanın enerji keçidi hədəflərinə mühüm töhfə verəcək.
Neft-qaz sektorunda əməkdaşlıq imkanlarına da toxunularaq, SOCAR ilə “Saudi Aramco” arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan danışıqların uğurla davam etdiyi bildirilib. Bu əməkdaşlıq hər iki şirkətin beynəlxalq bazarlarda mövqelərinin güclənməsinə xidmət edəcək.
Komissiyanın digər həmsədri, Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih çıxışında Səudiyyə Ərəbistanının Azərbaycanla ticarət əlaqələrinin inkişafında maraqlı olduğunu, ticarət dövriyyəsinin artırılması, energetika, investisiya, turizm, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsinə önəm verdiklərini bildirib. O, Səudiyyə Ərəbistanı şirkətlərinin bu sahələrə investisiya yatırmaq niyyətini də ifadə edib.
İyun 2025
Azərbaycan hazırda Krallığın bərpa olunan enerji istehsalı sahəsindəki təcrübəsindən bəhrələnməyi nəzərdə tutan layihələr üzərində işləyir. Belə ki, Səudiyyə Ərəbistanının bu sahədə ixtisaslaşmış “ACWA Power” şirkəti Azərbaycanda mühüm layihələr icra edir. “ACWA Power” Azərbaycanda fəaliyyətə 2020-ci ildə başlayıb. Şirkət dövlət qurumları ilə dayanıqlı enerji portfelinin formalaşdırılması üzərində işləyir. 2024-cü ildə 240 MVt gücündə külək elektrik stansiyasının tikintisinə başlayıb - bu, Azərbaycanda özəl developer tərəfindən həyata keçirilən ilk və ən böyük külək enerjisi layihəsidir. O, 300 minə yaxın ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcək və ildə təxminən 400 min ton CO emissiyasının qarşısını alacaq. Tikinti işlərinin 2025-ci ilin sonuna qədər başa çatdırılması gözlənilir.
Bundan əlavə, gündə 300 min kubmetr gücündə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin həyata keçirilməsi də “ACWA Power” şirkətinə həvalə edilib. Danışıqların uğurla başa çatacağı və müqavilənin imzalanacağı halıda şirkət dərhal tikintiyə başlamağa hazır olduğunu elan edib. Layihənin 2028-ci ilə qədər həyata keçirilməsi planlaşdırılır.
Səudiyyə şirkəti həmçinin Azərbaycanda əlavə külək qurğularından və batareya enerji saxlanc sistemlərindən tutmuş perspektivli dəniz külək enerjisi layihələrinə və həm Türkiyə istiqamətində, həm də Qara dəniz vasitəsilə Avropaya regionlararası enerji xətlərinə qədər yeni istiqamətləri fəal şəkildə araşdırır.
“ACWA Power”in Azərbaycan və Türkiyə üzrə baş direktoru Selim Güven Bakı Enerji Forumu çərçivəsində verdiyi məlumata görə, şirkət 2030-cu ilə qədər öz layihə portfelində bərpa olunan enerji mənbələrinin (BOEM) payını 80 faizə, layihələrin sayını isə 250-yə çatdırmağı planlaşdırır.
Səudiyyə Ərəbistanının müasir texnologiyalar, xüsusilə də süni intellekt sahəsində investisiyalarının sürətli artımı da diqqəti cəlb edir. Belə ki, Vəliəhd Şahzadə Məhəmməd bin Salman tərəfindən elan edilən “Humain” süni intellekt təşəbbüsü Amazon, Nvidia və AMD kimi süni intellekt sahəsində dünya öncülü olan nəhənglərlə çoxmilyard dollarlıq strateji tərəfdaşlıq sazişləri imzalayıb. Razılaşmalar ABŞ Prezidenti Donald Trampın mayın ortalarında baş tutan Səudiyyə Ərəbistanına səfəri zamanı açıqlanıb.
Əldə edilən razılaşmalar çərçivəsində Səudiyyə Ərəbistanının “DataVolt” şirkəti ABŞ ərazisində data-mərkəzlərinin və enerji infrastrukturunun tikintisinə təxminən 20 milyard dollar sərmayə qoyacaq. Həmçinin Səudiyyə Ərəbistanının NASA-nın Artemis II missiyasında iştirak edəcəyi elan edilib.
Bundan əlavə, Amazon Web Services (AWS) “Humain” ilə birgə “Süni İntellekt Zonası” adlandırdıqları genişmiqyaslı bir süni intellekt bölgəsi qurur. Təxminən 5 milyard dollarlıq bu investisiya xüsusi serverləri, inkişaf etmiş şəbəkə infrastrukturunu, təlim və sertifikatlaşdırma proqramlarını əhatə edir. AWS həmçinin Səudiyyə Ərəbistanını əsaslı təşəbbüslərə süni intellekt həlləri ilə çıxış imkanı təmin etməyi öhdəsinə götürüb. Bu layihə Amazonun əvvəllər elan etdiyi 5.3 milyard dollarlıq məlumat mərkəzinə investisiyadan ayrı bir layihə kimi həyata keçiriləcək.
Nvidia “Humain”ə 18.000 ədəd yeni nəsil süni intellektə yönəlmiş GPU göndərəcək. Nvidia tərəfindən göndərilən avadanlıq 500 meqavatlıq məlumat mərkəzinin əsasını təşkil edəcək. AMD də “Humain” ilə 10 milyard dollarlıq süni intellekt tərəfdaşlığına başlayır. Razılaşmanın bir hissəsi olaraq, beş il ərzində əlavə 500 meqavatlıq süni intellekt hesablama gücü yaradılacaq. Bu infrastruktur AMD-nin yüksək performanslı süni intellekt avadanlığı və açıq mənbəli ROCm proqram təminatı ilə dəstəklənəcək.
"Humain" layihəsi çərçivəsində Səudiyyə Ərəbistanında 500 meqavatlıq süni intellekt “fabrikləri” qurulacaq. Bu mərkəzlər, hyperscale data mərkəzi konsepsiyası ilə süni intellekt modellərinin zənciri üzrə bütün mərhələləri - təlimdən yerləşdirməyə qədər - bir platformada birləşdirəcək. Layihə ölkənin “Vision 2030" strategiyasında rəqəmsal transformasiyanı sürətləndirmək üçün mühüm rol oynayır.
Səudiyyə Ərəbistanının ABŞ-da səhiyyə sahəsindəki layihələri xüsusilə seçilir. Bura ilk növbədə Miçiqan ştatında ümumi dəyəri 5,8 milyard dollar olan tibbi qarışımların istehsalı üzrə yeni yüksək texnologiyalı zavodun yaradılması layihəsi aiddir.
Göründüyü kimi, Səudiyyə Ərəbistanı ilə investisiya əməkdaşlığı Azərbaycanın yüksək texnologiyalar sahəsinə çıxışını asanlaşdıra, iştirakını genişləndirə bilər.
İqtisadçı Eldəniz Əmirovun “Yeni Müsavat”a dediyinə görə, bir ölkə birgə fond yaratmaq üçün hansısa ölkəyə müraciət etmək istəyərdisə, ən uğurlu seçim məhz Səudiyyə Ərəbistanı olardı: “Onların pula yanaşma tərzləri bir dəyər kontekstindən çıxıb. Maliyyə əlçatanlığı o qədər genişdir ki, istənilən tərəfdaşın Səudiyyə Ərəbistanı ilə investisiya əməkdaşlığı uğurlu bir addımdır. Buna görə də bu ölkə ilə birgə investisiya fəaliyyətinə başlamaq Azərbaycan üçün birmənalı olaraq uğurdur. Çünki ərəblərin investisiya düşüncəsi çox zəngindir. Onlar Qərb investorları kimi investisiya təhlilini çox dərin və eyni zamanda ən xırda detalları hesablamaqla həyata keçirmirlər. Onlar üçün hədəflər bir qədər fərqlidir: strateji tərəfdaşlıq və genişlənmə. Hesab edirəm ki, birgə fonda ərəb tərəfinin qatqısı daha çox olacaq”.
İqtisadçıya görə, yaradılacaq fondun uğur qazanmaması mümkün deyil: “Belə bir hal baş versə, sırf idarəetmədən qaynaqlana bilər. Hərçənd mən uğursuzluq deyil, ciddi uğurlar gözləyirəm. Düşünürəm ki, Azərbaycan yaranan fürsəti layiqincə dəyərləndirməklə fondun fəaliyyətindən maksimum faydalana biləcək”.
Dünya SAKİT,
“Yeni Müsavat”