İsrail ordusu iyunun 13-də İrana endirilən zərbədən sonra on minlərlə ehtiyat əsgəri səfərbər edir. Vətəninfo.az xəbər verir ki, bunu İsrailin Baş Qərargah rəisi Eyal Zamir deyib.
O qeyd edib ki, İsrail üçün “həlledici günlərdir” və ölkə “öz gələcəyini gücləndirmək üçün yeni fəaliyyət mərhələsinin başlanğıcındadır”.
“Biz ölkəmizin heç vaxt görmədiyi tarixi kampaniyanın ortasındayıq. Bu, bizi məhv etmək məqsədi daşıyan düşmənin ekzistensial təhlükəsinin qarşısını almağa yönəlmiş mühüm əməliyyatdır”, – qərargah rəisi bildirib.
Onun sözlərinə görə, İDF əməliyyata “vaxtı çatıb” deyə başlayıb. Zamir İrandan gələn təhlükə ilə bağlı İsrail xalqını da xəbərdar edib.
“Bu zaman sizdən xahiş edirəm ki, həm yaxın, həm də uzaq bütün cəbhələrdə qətiyyətlə hərəkət edən İsrail Müdafiə Qüvvələrinin əsgərlərinə və təhlükəsizlik qüvvələrinə dəstək olasınız. Onlar hamımızı qoruyur, həyatlarını riskə atırlar. Biz on minlərlə ehtiyatda olan əsgəri səfərbər edirik və bütün cəbhələrə hazırlaşırıq. Sizi xəbərdar edirəm: bizə meydan oxumağa cəhd edən hər kəs yüksək qiymət ödəyəcək”.